İctimai yerlərdə siqaret qadağası sərtləşdirilməlidir – AÇIQLAMA
Azərbaycanda elektron siqaretlərin qadağan olunması ilə bağlı qanunun qüvvəyə minməsi müsbət addım kimi qiymətləndirilir.
ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı İltizam Yusifov bildirib ki, bu sahədə görülən işlərə baxmayaraq, qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə ehtiyac var. Onun sözlərinə görə, xüsusilə ictimai yerlərdə tütün məmulatlarının istifadəsi ilə bağlı qaydalara əlavə aydınlıq gətirilməlidir.
Deputat qeyd edib ki, mövcud qanunvericilikdə ictimai yerlərdə siqaret çəkilməsinin qadağan olunduğu məkanlar siyahısına küçələr daxil edilməyib:
“İctimaiyyətin olduğu hər yer ictimai məkan sayılmalıdır. Bu baxımdan küçələr də istisna olmamalıdır. İnkişaf etmiş ölkələrdə küçələrdə siqaret çəkilməsi qadağandır və bunun üçün xüsusi yerlər ayrılır”.
İ.Yusifov hesab edir ki, küçələrdə siqaret çəkilməsinə də məhdudiyyət qoyulmalı və yalnız xüsusi ayrılmış zonalarda buna icazə verilməlidir. Onun fikrincə, insanların sağlamlığına zərər vurulması ilə yanaşı, ətraf mühitin çirkləndirilməsi də ciddi problemdir.
Deputat iaşə obyektlərində mövcud vəziyyətə də toxunub. O bildirib ki, qanunla restoran, kafe və digər məkanlarda siqaret çəkilməsi qadağan olunsa da, bu qaydalara əksər hallarda əməl edilmir və siqaret istifadəsi adi hal kimi qalmaqdadır.
Reklam məsələsinə də diqqət çəkən millət vəkili vurğulayıb ki, tütün məhsullarının reklamı qadağan edilsə də, onların mağazalarda açıq şəkildə nümayiş etdirilməsi bu qadağanın effektivliyini azaldır. Onun sözlərinə görə, bir çox ölkələrdə bu məhsullar vitrinlərdə gizlədilir və Azərbaycanda da bu praktika tətbiq olunmalıdır.
İ.Yusifov filmlərdə siqaret səhnələrinin geniş yer almasını da tənqid edib. Deputat qeyd edib ki, bu cür görüntülər xüsusilə gənclər arasında siqaretə marağı artırır.
Deputatın fikrincə, ən ciddi problemlərdən biri isə qəlyanla bağlıdır. O bildirib ki, son illərdə qəlyan istifadə edənlərin sayı sürətlə artır və xüsusilə gənclər arasında bu vərdiş geniş yayılıb:
“Qəlyanın zərərsiz olması ilə bağlı yaradılan təsəvvür tamamilə yanlışdır”.
Onun sözlərinə görə, qəlyan tüstüsü tərkibində karbonmonoksit, kanserogen maddələr və ağır metallar saxlayır və bu, insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Deputat əlavə edib ki, bir qəlyan istifadəsi nikotin baxımından bir neçə siqaretə bərabərdir və asılılıq riski yüksəkdir.
İ.Yusifov həmçinin qəlyan istifadə zamanı gigiyenik risklərin də mövcud olduğunu bildirib. Onun sözlərinə görə, qəlyan avadanlıqlarının düzgün dezinfeksiya edilməməsi müxtəlif yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər.
Deputat sonda vurğulayıb ki, əhalinin sağlamlığının qorunması üçün tütün məhsullarına qarşı mübarizə daha da gücləndirilməli, bu tədbirlər qəlyan da daxil olmaqla bütün növ tütün məmulatlarını əhatə etməlidir.
Əli Fərhad









