İdeoloji təhlükəsizlik milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir - Rafael Becanov
Müasir dünyada milli təhlükəsizliyin təmin olunması yalnız hərbi güc, iqtisadi imkanlar və beynəlxalq mövqelərlə məhdudlaşmır. Cəmiyyətin milli maraqları düzgün dərk etməsi, informasiya mühitində baş verən prosesləri təhlil etmək bacarığı və dövlətçilik dəyərlərinə bağlılığı bu baxımdan mühüm əhəmiyyət daşıyır. İnformasiya mübarizəsinin yeni formalar aldığı bir dövrdə ideoloji təhlükəsizliyin qorunması, milli maraqlara əsaslanan sistemli və uzunmüddətli fəaliyyət modelinin formalaşdırılması xüsusi aktuallıq kəsb edir.
ERAmedia-ya bu fikirləri açıqlamasında siyasi şərhçi Rafael Becanov bildirib.
O qeyd edib ki, müasir informasiya mühitində cəmiyyətə təsir göstərmək üçün müxtəlif üsullardan istifadə olunur. Ayrı-ayrı hadisələrin kontekstdən çıxarılması, faktların təhrif edilməsi və manipulyativ təqdimat insanların ictimai-siyasi proseslərə münasibətinə təsir göstərmək məqsədi daşıya bilər. Bu cür fəaliyyətin Azərbaycan dilində həyata keçirilməsi isə onun cəmiyyətin müxtəlif təbəqələrinə, xüsusilə gənclərə təsir imkanlarını artırmağa hesablanıb. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII qurultayında ideoloji təhlükəsizliyin əhəmiyyətinə xüsusi diqqət çəkib. Dövlət başçısının “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir” fikri bu sahənin milli təhlükəsizlik sistemindəki yerini aydın şəkildə ifadə edir. Bu yanaşma ideoloji fəaliyyəti yalnız informasiya təhdidlərinə cavab vermək vasitəsi kimi deyil, həm də milli özünüdərkin, dövlətçilik düşüncəsinin və cəmiyyətin gələcəyə baxışının formalaşdırılması prosesi kimi nəzərdən keçirməyi tələb edir. Milli ideoloji siyasətin səmərəliliyi ayrı-ayrı tədbirlərin keçirilməsi və ya müəyyən dövrlərdə informasiya kampaniyalarının təşkili ilə ölçülə bilməz. Əsas məsələ milli maraqların cəmiyyətə aydın və anlaşıqlı şəkildə çatdırılması, dövlətlə vətəndaş arasında etimadın möhkəmləndirilməsi, insanların etibarlı informasiya mənbələrinə müraciət etməsinə şərait yaradılmasıdır. Bunun üçün ideoloji fəaliyyət gündəlik ictimai həyatın tərkib hissəsinə çevrilməli, müasir kommunikasiya vasitələrindən və analitik yanaşmalardan sistemli şəkildə istifadə olunmalıdır.
İdeoloji fəaliyyət ictimai etimad prinsipləri üzərində qurulmalıdır
R.Becanov hesab edir ki, Yeni Azərbaycan Partiyası bu istiqamətdə mühüm institusional imkanlara malikdir. Partiyanın potensialından səmərəli istifadə etməklə milli ideyaların müasir cəmiyyətə çatdırılması, ictimai müzakirələrin təşkili və yeni ideoloji yanaşmaların hazırlanması istiqamətində daha geniş fəaliyyət göstərmək mümkündür. Bu prosesdə analitik mərkəzlərin, elm və təhsil müəssisələrinin, media nümayəndələrinin və gənclərin əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. İdeoloji mərkəzlərin fəaliyyəti müasir informasiya reallıqlarına uyğun qurulmalıdır. Dövlət siyasəti və milli maraqlarla bağlı məsələlər üzrə operativ, dəqiq və faktlara əsaslanan məlumatlandırma təmin edilməli, sosial şəbəkələrdə peşəkar kommunikasiya imkanları genişləndirilməli, əhalinin media savadlılığı artırılmalıdır. Xüsusilə dezinformasiyanın müəyyənləşdirilməsi, məlumatların mənbəyinin yoxlanılması və manipulyativ məzmunun tanınması bacarıqlarının inkişafı cəmiyyətin informasiya dayanıqlılığını gücləndirə bilər. Xaricdə fəaliyyət göstərən və Azərbaycan dilində məlumat yayan resursların fəaliyyəti diqqətlə təhlil olunmalıdır. Belə mənbələrdə yayılan məlumatların qiymətləndirilməsi zamanı onların mənşəyinə dair ehtimallardan daha çox, təqdim olunan faktların dəqiqliyinə, mənbələrin etibarlılığına və məlumatların manipulyasiya məqsədi daşıyıb-daşımadığına əsaslanmaq vacibdir. Saxta məlumatlara qarşı ən təsirli vasitələrdən biri ictimaiyyətə vaxtında, dolğun və yoxlanılmış informasiyanın təqdim edilməsidir.
“Azərbaycanın ideoloji təhlükəsizliyinin möhkəmləndirilməsi milli maraqları ifadə edən dəyərlər sisteminin davamlı şəkildə inkişafını tələb edir. Azərbaycan informasiya gündəmini yalnız baş verən hadisələrə reaksiya verməklə deyil, dövlətçilik fəlsəfəsini, inkişaf prioritetlərini və cəmiyyətin əldə etdiyi nailiyyətləri peşəkar, əsaslandırılmış və inandırıcı şəkildə təqdim etməklə formalaşdırmalıdır. Bu məqsədə nail olmaq üçün ideoloji fəaliyyət analitika, müasir kommunikasiya və ictimai etimad prinsipləri üzərində qurulmalıdır”, – deyə siyasi şərhçi vurğulayıb.










