media-3816824918eeb0c371b71323cf00b575
media-bant_master
Bu gün həyat yolunun ən gözəl çağlarını yaşayan, mərdliyi, vətənpərvərliyi və səmimiyyəti ilə seçilən ehtiyatda olan mayor Aslanov Əvəz Əhməd oğlunun 55 yaşı tamam olur. Bu ömür sadəcə illərin sayı deyil — bu illərin hər anında şərəf, zəhmət və Vətən sevgisi var.
Əvəz müəllim el arasında hər zaman igid, sözübütöv və vicdanlı insan kimi tanınıb. O, Birinci Qarabağ müharibəsində də, Vətən müharibəsində də ön sıralarda yer alaraq Vətən torpaqları uğrunda mərdliklə döyüşüb, əsl qəhrəmanlıq nümunəsi göstərib.
media-574580928_806014145658381_6945959125580020305_n
Aslanov Əvəz Əhməd oğlu 01 noyabr 1970-ci ildə Qubadlı rayonu Xəndək kəndində anadan olub. O, orta təhsilini 1978-1986-cı illərdə Xəndək kənd orta məktəbində alıb. Təhsilini 1986-1988-ci illərdə 5 saylı Kimya Biologiya təmayüllü Respublika İnternat məktəbində davam etdirib.
Əvəz Aslanov 1988-1993-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetini, 2013-2017- ci illərdə isə Naxçıvan Dövlət Universitetinin Hüquq Fakültəsini bitirib.
1992-ci ildə Xocalı faciəsindən sonra döyüş bölgəsinə gedərək özünü müdafiə taburlarına yazılan ilk tələbələrdən olub.
media-571745480_806014105658385_7612334116902303029_n
Onun döyüş yolu Qubadlı Özünü Müdafiə Taburunda kəşfiyyatçı kimi başlayıb, 1992-ci ildə “Qorxmaz” kəşfiyyat bölüyündə xidmət edərək, Qubadlı-Laçın bölgəsində gedən bütün əməliyyatlarda kəşfiyyatçı kimi iştirak edib.1993-cü ildə Ağdərə, Kəlbəcər, Ağdam, Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarında keçirilən əməliyyatlarda Nazirliyin Xüsusi bölüyünün tərkibində kəşfiyyatçı zabit kimi iştirak edib. Belə ki, 1992-ci ilin axırlarında DİN-in xüsusi bölüyünün tərkibində zabit kimi Ağdərənin Mehmanə, Dramban, Canyataq, Gülyataq, Sırxavənd kəndlərində, bundan əlavə Kəlbəcərdə dinc əhalinin çıxarılmasında və Murovdağın qorunmasında fəal iştirak etmişdir. Öz obyektivliyi ilə seçilən, çətin anlarda yoldaşlarına dayaq olan Əvəz həmişə döyüşçü dostlarına dəyərli məsləhətlər verməklə yanaşı bilavasitə özü də həmin əməliyyatlarda iştirak edərək öndə gedib. Bu müddət ərzində göstərdiyi fədakarlığa görə yuxarı komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılmışdır. O, 1994-cü ilin yanvar ayında Ağdam və Füzuli bölgələrində olan əks-hücum əməliyatlarında “N” saylı hərbi hissənin kəşfiyyat bölüyündə komandir müavini kimi iştirak edib. Həmin əməliyyat zamanı Ağdamın, Füzulinin və Cəbrayılın çox sayda yaşayış məntəqələri işğaldan azad olunmuşdur.
media-572094302_806014212325041_9084804793570134076_n
Əvəz Aslanov 1995-1996-cı illərdə Qazax rayonunda yerləşən “N” saylı hərbi hissənin kəşfiyyat bölüyünün komandir müavini, 1996-1997-ci illərdə “N” saylı Ordu korpusunda kəşfiyyat bölməsinin komandir müavini, 1996-2006-cı illərdə Silahlı Qüvvələrin tabeliyində olan müxtəlif hərbi hissələrdə komandir müavini kimi xidmət etmişdir. 2006-cı ildə Qarabağ Müharibəsi əlili kimi ehtiyyata buraxılıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci ildə başladılan 44 günlük Vətən Müharibəsində Əvəz Aslanov könüllü olaraq iştirak edərək Murovdağdan başlayaraq Qubadlıya, Laçına qədər gedən bütün əks-hücüm əməliyyatlarında yenədə kəşfiyyatçı zabit kimi iştirak edib. Müharibə zamanı 3 dəfə, 1993-cü ilin aprelində Kəlbəcər rayonunda, 1993-cü ilin iyul ayında Ağdam rayonunda, 1994-cü ilin mart ayında isə Füzuli rayonunda yaralanmışdır. Il qrup Qarabağ müharibəsi əlilidir, ehtiyyatda olan mayordur.
Əvəz Əhməd oğlu Aslanov xidməti zamanı dəfələrlə orden-medal, Fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Onun döyüş yolu, Vətən qarşısında xidmətləri gənclərimiz üçün bir örnəkdir.
Keçirilən döyüş əməliyyatlarında və xidmətdə fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti-Silahlı Qüvvələrin Ali-Baş Komandanı cənab İlham Əliyevin şəxsən özü tərəfindən mükafatlandırılıb.
media-571369946_806013975658398_6073542250012857013_nBugün Əvəz Aslanovun həyatına nəzər salanda, orada qəhrəmanlıq, fədakarlıq, əqidə və insani dəyərlərin parlaq izlərini görmək mümkündür. O, daim ailəsinə, dostlarına, doğmalarına sədaqətli olub, insanlara kömək etməyi, yaxşılıq etməyi həyat prinsipi seçib. Onun təvazökar davranışı, böyüklərə hörməti, kiçiklərə qayğısı onu hamının sevdiyi bir şəxsə çevirib.
Əvəz Əhməd oğlunun 55 illik ömür yoluna baxanda qürur hissi keçirirsən, çünki bu illər boşuna yaşanmayıb. Bu ömürdə həm Vətənə, həm ailəsinə, həm də insanlığa xidmət dayanır.
Bu əlamətdar gündə Əvəz Aslanovu həm doğum günü, həmdə qarşıdan gələn 8 Noyabr xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı gün, Zəfər günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik!
Ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, hər zaman qürurla anılacaq bir həyat arzulayırıq.
İgidliyiniz, mərdliyiniz və səmimiyyətiniz həyatınızın hər səhifəsində parlasın, Əvəz müəllim!
55 yaşınız mübarək!
Vüqar CALALOĞLU  (T.Müskanlı)

media-adspc

Bənzər xəbərlər