III “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsi elan edildi
Moderator.az xəbər portalı ölkənin peşəkar jurnalist və yazarları arasında saytın qurucusu, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin xatirəsinə həsr olunmuş III “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsini elan edib.
ERAmedia xəbər verir ki, müsabiqə Azərbaycan jurnalistikasında peşəkarlığın, milli dəyərlərə sadiqliyin, analitik düşüncənin və keyfiyyətli publisistikanın təşviqi məqsədilə keçirilir. Mərhum Zülfüqar Hüseynzadənin anadan olmasının 55 illiyinə həsr edilən builki müsabiqə onun jurnalistikaya verdiyi töhfələrin yaşadılması və peşə prinsiplərinin təbliği məqsədilə keçirilir.
Müsabiqə dörd (Azərbaycan milli mətbuatının görkəmli simaları: irs, peşəkarlıq və milli məsuliyyət, Milli maraqların müdafiəsində medianın rolu, Böyük Qayıdış: Yeni həyatın ilk addımları, Müasir Azərbaycan gəncliyi: problemlər və çıxış yolları) istiqamət üzrə elan edilib. Mövzular istiqamətləndirici xarakter daşıyır. Müəlliflər qeyd olunan istiqamətlərdən birini seçə və ya eyni yazıda bir neçə mövzuya kompleks şəkildə toxuna bilərlər.
Yazılar avqustun 13-dək [email protected] elektron ünvanına göndərilməlidir. Müsabiqəyə təqdim olunan yazılar müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblər mərhum jurnalistin anadan olmasının 55 illiyi münasibətilə avqustun 24-də keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.










