İki dəfə “Stalin” mükafatı laureatı olan məşhur bəstəkarımız kimdir – TARİXİ XRONİKA
Cövdət Hacıyev Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, simfonik musiqinin inkişafına böyük töhfələr vermiş sənətkardır. O, həm bəstəkar, həm də pedaqoq kimi milli musiqi mədəniyyətinin formalaşmasında mühüm rol oynamışdır. Onun yaradıcılığı dərin ideya məzmunu və yüksək bədii səviyyəsi ilə seçilir.
ERAmedia bildirir ki, Cövdət Hacıyevin əsərləri Azərbaycan musiqi irsinin dəyərli nümunələri sırasında xüsusi yer tutur.
Konservatoriyada oxuyub və müharibə illərində yarımçıq qalmış təhsilini sonralar davam etdirərək, 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirib. 1947-ci ildən ömrünün sonuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib, 1957–1969-cu illərdə isə bu ali musiqi təhsil ocağının rektoru vəzifəsində çalışıb.
Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynayan Cövdət Hacıyev Azərbaycanda peşəkar musiqi kadrlarının hazırlanmasında da misilsiz xidmətlər göstərib. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirən görkəmli pedaqoq olub.
O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülüb, bir çox orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif olunub.
Cövdət Hacıyev 2002-ci il yanvarın 18-də, ömrünün 85-ci ilində vəfat edib.
Rəqqasə, Azərbaycan SSR Xalq artisti Əminə Dilbazinin həyat yoldaşıdır.
Azərbaycanda simfonik musiqinin banilərindən biri olan C. Hacıyev “Sülh uğrunda” simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirib. Qara Qarayevlə birgə bəstələdiyi “Vətən” operası, kamera-instrumental və fortepiano əsərləri də C. Hacıyev yaradıcılığında əhəmiyyətli yer tutur. O, hələ tələbəlik illərində ilk böyük əsəri olan birhissəli “Simfoniya”nı, iki simfonik poemasını, “Azərbaycan süitası”nı, simli kvartet və sair əsərlərini bəstələyib.
1945-ci ildə Qara Qarayevlə birlikdə yazdığı “Vətən” operasına görə “Stalin” mükafatına layiq görülüb.
Cövdət Hacıyev ümumilikdə 8 simfoniya, həmçinin simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet, poema, xor üçün bir sıra dəyərli əsərlərin müəllifidir.
Cövdət Hacıyevin “Zirvələrə” adlanan altıncı və “Şəhidlər” adlı yeddinci simfoniyaları sənətkarın vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir. “Şəhidlər” simfoniyası Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunub.
Cövdət Hacıyevin “Onu zaman seçib” adlı səkkizinci simfoniyası Heydər Əliyevə həsr olunub.
O, aşağıdakı mükafatlara layiq görülüb:
“Azərbaycan SSR xalq artisti” fəxri adı — 24 may 1960;
“Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adı — 26 aprel 1958;
“Stalin” mükafatı (2-ci dərəcə) — 1946 (“Vətən” operasına (1945) görə);
“Stalin” mükafatı (3-cü dərəcə) — 1952 (“Sülh uğrunda” simfonik poemasına (1951) görə);
“Lenin” ordeni — 20 avqust 1986;
“Oktyabr inqilabı” ordeni — 1977;
“Qırmızı əmək bayrağı” ordeni — 9 iyun 1959;
“Şərəf nişanı” ordeni — 1961;
“Şöhrət” ordeni — 17 iyun 1997.
7 fevral 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.









