media-whatsapp-image-2026-07-17-at-08-48-30

Türkiyənin İstiqlaliyyət Savaşında iştirak edən və bu ölkənin ordusunda 33 il xidmət göstərən azərbaycanlı hərbçi Cahangir bəy Novruzovun bu gün anım günüdür.

ERAmedia xəbər verir ki, 1894-cü ildə anadan olan Cahangir bəy Novruzov Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ölkənin müdafiəsi uğrunda mübarizəyə qoşulan hərbçilər sırasında yer alıb. O, qardaşları polkovnik Teymur bəy Novruzov, polkovnik Kazım bəy Novruzov və əmisi oğlu mayor Rüstəm bəy Novruzovla birlikdə Cümhuriyyət ordusunun sıralarında xidmət edib.

Cahangir bəy Novruzov Əlahiddə Azərbaycan korpusunun tərkibində Qafqaz İslam Ordusu ilə çiyin-çiyinə Azərbaycanın istiqlalının qorunması və Bakının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 1918-ci ilin yayında başlayan və sentyabrın 15-də Bakının azad olunması ilə nəticələnən hərbi əməliyyatlar onun döyüş yolunun mühüm mərhələlərindən biri olub.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra da silahı yerə qoymayan Cahangir bəy Novruzov bolşevik işğalına qarşı Gəncə üsyanında iştirak edib. Daha sonra Qarabağ üsyanına qoşularaq Azərbaycan istiqlalının bərpası uğrunda mübarizəni davam etdirib. Üsyanların məğlubiyyətindən sonra isə Cümhuriyyət ordusunun sağ qalan hərbçiləri ilə birlikdə döyüşərək Azərbaycan ərazisindən geri çəkilməyə məcbur olub.

Onun hərbi fəaliyyəti bununla da yekunlaşmayıb. Cahangir bəy Novruzov 1920-ci ilin sonlarından 1921-ci ilin əvvəllərinə qədər Türkiyənin Şərq cəbhəsində gedən döyüşlərdə iştirak edib. Sarıqamış, Qars və Gümrünün geri alınması uğrunda aparılan əməliyyatlarda döyüşən azərbaycanlı hərbçi daha sonra Türkiyənin istiqlal mübarizəsinin Qərb cəbhəsində də xidmət göstərib.

Cahangir bəy Novruzov İzmirin yunan işğalından azad edilməsi ilə nəticələnən döyüşlərdə də iştirak edib. Türkiyə İstiqlaliyyət Savaşında göstərdiyi xidmətlərə görə 1923-cü ildə “İstiqlal” medalı ilə təltif olunub.

Qurtuluş Savaşından sonra Türkiyə ordusunda xidmətini davam etdirən Cahangir bəy Novruzov ömrünün 33 ilini bu ölkənin hərbi xidmətinə həsr edib. 1958-ci ildə vəfat edən Cahangir bəy Novruzov Azərbaycan və Türkiyənin istiqlal mübarizələrində iştirak etmiş, iki qardaş ölkənin hərb tarixində silinməz iz qoymuş azərbaycanlı hərbçilərdən biri kimi xatırlanır.


media-adspc

Bənzər xəbərlər