media-1783599480475282828_1200x630

Azərbaycanın media orqanları arasında özünəməxsus yeri olan “İki sahil” qəzetinin ilk sayının işıq üzü görməsindən 35 il ötür. Yarandığı gündən şərəfli bir yol keçən bu mətbu nəşr öz əqidəsinə və prinsiplərinə hər zaman sadiqdir. “İki sahil” Azərbaycan üçün ən çətin dövrlərdə yaranıb, öz ideyalarına sadiq qalaraq sınaqlardan şərəflə çıxıb. Qarşıya qoyulan ali məqsəd kollektiv üçün hər zaman güclü stimul olub. 1991-ci ilin iyulunda, hələ Azərbaycan dövlət müstəqilliyini bərpa etmədiyi və sərt senzuranın hökm sürdüyü bir dönəmdə fəaliyyətə başlayan qəzet böyük amalı sayəsində bütün maneələri dəf edə bildi.

ERAmedia xəbər verir ki, “İki sahil” qəzeti hər zaman Ulu Öndər Heydər Əliyev ideyalarının təbliğatçısıdır. Xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi olan 91 ziyalının Ümummilli Lider Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti məhz “İki sahil” qəzetində dərc edilib. Bu mətbu nəşr Ulu Öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının yaranma zərurətini, təşkilatlanma mərhələlərini və keçdiyi inkişaf yolunu bu gün də geniş şəkildə işıqlandırır. Zamanın təzyiqlərinə və çətinliklərinə baxmayaraq, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyən qəzet cəmiyyətin güzgüsü missiyasını layiqincə yerinə yetirir. Hazırda dövlətimizin azad sözə və fikir plüralizminə verdiyi yüksək dəyər bu mətbu orqanın fəaliyyətində aydın şəkildə təzahür edir.

Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatda neft amilinə verdiyi xüsusi önəm Azərbaycanın bugünkü tərəqqisinin bünövrəsini qoyub. Bu xəttə sadiq qalan qəzet ölkənin neft strategiyasının uğurla reallaşdırılmasında mühüm rolu olan SOCAR və onun strukturlarının fəaliyyətini daim diqqət mərkəzində saxlayır.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət müasir dövlət quruculuğu prosesləri, mədəniyyət, incəsənət və təhsil sahəsindəki yeniliklər “İki sahil” qəzetində geniş əks olunur.

Rəqəmsal medianın inkişafı ilə ayaqlaşan “İki sahil” müasir informasiya platformalarında da fəaliyyətini uğurla davam etdirir. Müasir medianın tələblərinə uyğun olaraq hazırda qəzetlə bərabər, “ikisahil.az” internet portalı və “İki sahil TV” internet televiziyası da fəaliyyət göstərir. Zamanın nəbzinə uyğun olaraq mütəmadi yenilənən rəqəmsal platformalarda günün ən aktual hadisələrinin təhlili, ölkədə və dünyada baş verən proseslər oxuculara və izləyicilərə operativ şəkildə çatdırılır. Ötən 35 il ərzində zəngin təcrübə toplayan “İki sahil” qəzeti gələcək fəaliyyəti və yeni-yeni uğurları üçün möhkəm təməl yaradıb.


media-adspc

Bənzər xəbərlər