İki səfər, bir diqqət mərkəzi: Kremlin reaksiyası necə olacaq?
Ermənistanın Baş naziri Nikol Paşinyanın Qırğızıstana, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun isə Ukraynaya səfəri Rusiyanın diqqət mərkəzində olacaq.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, bu iki səfər arasında birbaşa əlaqə olmasa da, hər iki istiqamətdə Rusiyanın siyasi və ekspert dairələrinin növbəti tənqidi və təzyiq ritorikasını müşahidə etmək mümkün olacaq.
Onun sözlərinə görə, Nikol Paşinyan Qırğızıstanda Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak edəcək və İrəvanın təşkilatla bağlı narazılıqlarını gündəmə gətirəcək.
Şərhçi qeyd edib ki, Paşinyan Avrasiya İqtisadi İttifaqının faktiki olaraq iflic vəziyyətində olduğunu düşünür və bu qurumu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə müqayisə edir. O xatırladıb ki, Rusiya ittifaq üzvü olan Ermənistandan məhsulların idxalına müxtəlif məhdudiyyətlər tətbiq edib.
“Elə görünür ki, Kreml bu addımlarla Qərblə yaxınlaşan Nikol Paşinyan hökumətini cəzalandırmağa çalışır. Halbuki, bu məhdudiyyətlər Rusiyanın özünün formalaşdırdığı Avrasiya İqtisadi İttifaqının fəaliyyət prinsiplərinə ziddir. Buna görə də Paşinyan Qırğızıstanda öz mövqeyini ifadə etməyə çalışacaq və buna qarşı Kremlin əks-arqumentləri də səsləndiriləcək”, – deyə Elxan Şahinoğlu bildirib.
Siyasi şərhçi hesab edir ki, Moskva Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Kiyevdə keçirəcəyi görüşləri də xüsusi diqqətlə izləyəcək.
Onun sözlərinə görə, Azərbaycanın istənilən dövlətlə əməkdaşlıq etməsi ölkənin suveren hüququdur və heç bir dövlət buna müdaxilə edə bilməz. Bununla belə, Ukraynaya qarşı müharibə aparan Rusiya Kiyevlə əməkdaşlıq edən ölkələrə həssas yanaşır.
Elxan Şahinoğlu bildirib ki, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalist Dmitri Qordonun iki il ardıcıl ünvanladığı “Ukrayna nə etməlidir?” sualına verdiyi “Ukrayna işğalla barışmamalıdır” cavabı Rusiyadakı şovinist dairələrin narazılığına səbəb olub.
“Bu dairələr hesab edir ki, Azərbaycan Krımın ilhaqını və Ukrayna ərazilərinin işğalını qəbul etməlidir. Halbuki, Azərbaycanın mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır”, – deyə o vurğulayıb.
Şərhçinin fikrincə, Ceyhun Bayramovun bundan əvvəl Moskvaya səfər etməsi kimi, Kiyevə səfəri də Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin tərkib hissəsidir.
“Ukrayna Azərbaycanın tərəfdaşıdır və Bakı bu ölkə ilə siyasi, iqtisadi və humanitar əməkdaşlığını davam etdirəcək”, – deyə Elxan Şahinoğlu əlavə edib.
Əli Fərhad









