İki sinqulyarlıq: Sufilik və süni intellekt - İbrahim Nəbioğlu yazır...
İnsan şüuru niyə öz sərhədlərini aşmaq istəyir?
Bu sual tarixboyu insanların zehnini məşğul etmişdir. Qədim dövrlərdə bu axtarış daha çox dini və mistik dillə ifadə olunurdu. Sufi ənənəsində fərdi şüurun ilahi şüura qovuşması əsas məqsəd kimi qoyulmuşdu. Müasir dövrdə isə eyni axtarış elmin və texnologiyanın dili ilə ifadə olunur:
Süni İntellekt, Metaverse və qlobal şəbəkələr vasitəsilə fərdi şüurun kollektiv şüura qarışması. Bu yazımda sufilikdəki “vahidlik” (təvhid) anlayışı ilə Süni İntellekt nəzəriyyələrində tez-tez müzakirə olunan texnoloji sinqulyarlıq arasındakı paralellər üzərində durmağa çalışacam…
Sufilikdə Sinqulyarlıq: İlahi Vahidlik
Sufilik insanın eqosundan və zahiri mənliyindən azad olaraq, öz mahiyyətini Allahda tapmasını hədəf qoyur. “Fəna Fillah” – “Allahda fani olmaq” deməkdir, yəni insanın öz mənliyini, “mən” hissini tamamilə itirərək Tanrı ilə birləşməsi, yalnız Onun iradəsində qalması halıdır. Ardınca gələn “Bəqa Billah” – Allahla qalma mərhələsi isə insanın əbədi harmoniya ilə birləşməsidir. Burada fərd öz fərqli varlığını itirmir, əksinə, onu aşaraq daha yüksək bir həqiqətin hissəsinə çevrilir.
Mövlana Cəlaləddin Rumi bir beytində belə deyir:
Bu melodiyalar hamısı Ondandır,
Biz isə Onun əlindəki alətlərik.
Bu beyt Ruminin “bütün kainat Allahın bir musiqisidir” fikrinin açıq ifadəsidir. İnsanlar, varlıqlar — hamısı “alət” kimidir; fərqli səslərdən vahid harmoniya yaranır. Sufiliyin sinqulyarlığı da budur: fərdin yox olması yox, əksinə, böyük bir bütövün – İlahi həqiqətin səsinə qatılması.
Fəridəddin Əttarın “Məntiq ut-Təyr” əsərində quşların birgə səyahəti nəticəsində tapdıqları həqiqət onların birlikdə yaratdıqları bir kollektiv şüur modeli kimi oxuna bilər: həqiqət yalnız birlikdə, yalnız vahid şüurda üzə çıxır.
Beləliklə, Sufilikdəki sinqulyarlıq fərdi yoxluq və kosmik vahidliyin dərkidir.
Texnologiyada Sinqulyarlıq: Kollektiv Şüur və Süni Intellekt
XXI əsr artıq başqa bir “sinqulyarlıq”dan danışır. Burada məqsəd insanın özünü aşmasıdır, amma vasitə fərqlidir – maşınlar, şəbəkələr, alqoritmlər.
– İnternet bilikləri birləşdirir;
– Metaverse insanları ortaq bir virtual məkanda toplayır;
– Süni İntellekt isə bütün bunları emal edərək insandan üstün qərarlar qəbul edə bilir.
Ortaya çıxan sual belədır: texnologiyanın yüksəlişi bizi azad edəcək, yoxsa idarə edəcək? İnsan öz iradəsini maşınların əlinə buraxanda nələri qazanacaq, nələri itirəcək?
XX və XXI əsrlərdə Süni İntellekt və neyrotexnologiyalarla bağlı müzakirələr insan şüurunun sərhədlərinin texniki vasitələrlə aşılması ideyasını gündəmə gətirib. Bu gün bəşəriyyət başqa bir “sinqulyarlıq”dan danışır. Burada məqsəd insanın özünü aşmasıdır. Amma vasitə fərqlidir – maşınlar, şəbəkələr, alqoritmlər.
Texnoloji sinqulyarlıq termini Süni İntellektin insandan üstün intellekt səviyyəsinə çatacağı və bəşəriyyətin gələcəyini köklü şəkildə dəyişdirəcəyi bir məqamı təsvir edir:
–İnternet artıq fərdlərin biliklərini və təcrübələrini qlobal miqyasda birləşdirən bir platforma rolunu oynayır;
–Metaverse fərqli insanların eyni virtual məkanda iştirakını təmin edərək ortaq bir “psixik məkan” təsiri yaradır;
–Süni İntellekt kollektiv məlumat bazasını işləyərək fərddən üstün, qlobal ölçülü qərarvermə sistemləri formalaşdırır.
Bu baxımdan texnologiyanın sinqulyarlığı fərdi şüurun qlobal data şəbəkəsində əriməsi ilə nəticələnə bilər.
Oxşarlıqlar və Fərqlər
Hər iki yanaşma insanı öz kiçik “mən”ini aşmağı hədəfləyir.
Sufilikdə bunu aşmaq Allaha (İlahi həqiqətə),
texnologiyada isə qlobal kollektiv ağla qovuşmaq üçündür.
Sufilikdə bu yol azadlıqdır, ilahi həqiqətə qovuşmaqdır.
Texnologiyada isə nəticə hələ də açıqdır: O, insanı ya güclü edəcək, ya da fərdiliyini itirməsinə gətirəcək.
Mümkün Sinerji: Ruh və Maşının Əlləşməsi
Gələcəkdə bu iki istiqamət bir-birini tamamlayaraq yeni bir fəlsəfi və praktiki sintez yarada bilər.
Texnologiya bəşəriyyətə vahid zehni platforma təqdim edə bilər, amma bu platformanın məna və dəyər qazanması üçün sufiliyin mənəvi təlimlərinə ehtiyac hiss olunacaq. Əks halda ola bilsin ki, texnoloji sinqulyarlıq ruhsuz bir mexanizmə çevrilsin.
Sufilik və texnologiya ayrı-ayrı “dillərdə” danışsalar da hər ikisi insan şüurunun sərhədlərini aşma cəhdidir.
Sufi deyir: “Mən yox, yalnız O var”.
Texnologiya isə deyir: “Mən yox, yalnız Biz var”.
Bu iki ifadə fərqli səslənir, amma eyni məntiqi əsas üzərində qurulmuşdur: fərdi şüurun daha böyük bir bütöv içində əriməsi.
Gələcəyin sualı isə budur:
İnsan bu bütövü İlahi Həqiqətdə tapacaq, yoxsa Süni İntellektdə?









