İki yeni mamır növü ilk dəfə qeydə alındı
Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun aparıcı elmi işçisi dosent Aygün Məmmədovanın xarici alimlərlə həmmüəllifi olduğu “Yeni milli və regional briofit qeydləri, 85” adlı elmi məqalədə Azərbaycan üçün iki yeni mamır növü təqdim olunub.
ERAmedia xəbər verir ki, bu barədə Botanika İnstitutundan bildirilib. Məqalədə Azərbaycan briyoflorası üçün ilk dəfə qeydə alınmış iki mamır növü – “Grimmia hartmanii Schimp.” və “Hypnum jutlandicum Holmen & E. Warncke” təqdim olunub. “Grimmia hartmanii” növü Masallı rayonundakı Hirkan Milli Parkında, “Hypnum jutlandicum” növü isə Xaçmaz rayonundakı Samur-Yalama Milli Parkında aşkar edilib. Aparılan morfoloji tədqiqatlar və beynəlxalq taksonomik mənbələrlə müqayisələr nəticəsində bu növlərin Azərbaycan briyoflorası üçün yeni qeydlər olduğu müəyyən edilib.
Tədqiqatın nəticələri beynəlxalq elmi bazalarda indekslənən Q2 kvartilli “Journal of Bryology” jurnalında dərc edilib. Məqalədə dünyanın müxtəlif ölkələrindən 40-dan çox tədqiqatçının elmi nəticələri yer alıb. Həmçinin məqalədə yeni qeydə alınmış növlərin diaqnostik əlamətləri, yayılma arealları və onları oxşar növlərdən fərqləndirən morfoloji xüsusiyyətlər təqdim olunub.









