İlham Əliyevin çıxışı Ermənistan paytaxtında gündəmi dəyişdi – İrəvanda yeni reallıq
Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin İrəvanda keçirilən 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib və bu iştirak Azərbaycanın Ermənistanda keçirilən tədbirdə ilk təmsil olunması baxımından diqqət çəkib.
ERAmedia xəbər verir ki, siyasi təhlilçi Asif Nərimanlı bu çıxışın həm siyasi, həm də psixoloji baxımdan mühüm mesajlar ehtiva etdiyini bildirib.
Onun sözlərinə görə, dövlət başçısı çıxışında Azərbaycan-Ermənistan sülh prosesi, bu istiqamətdə atılan addımlar və qarşıda duran maneələrə xüsusi diqqət ayırıb. Əliyev Avropa Parlamenti və AŞPA-nın qəbul etdiyi bəzi qərarların sülh prosesinə mane olduğunu qeyd edərək, bunun üç əsas səbəbdən qaynaqlandığını vurğulayıb:
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, Qarabağda separatçılığa son qoyulması və müharibə cinayətkarlarının məsuliyyətə cəlb olunması.
Asif Nərimanlı hesab edir ki, bu fikirlərin məhz İrəvanda keçirilən tədbirdə səsləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Analitik qeyd edib ki, erməni cəmiyyətində uzun illər tabu sayılan məsələlərin Azərbaycan lideri tərəfindən açıq şəkildə dilə gətirilməsi regionda formalaşmış yeni reallığın artıq inkar edilə bilmədiyini göstərir.
Təhlilçi əlavə edib ki, çıxışda səslənən “Azərbaycan sülh gündəliyinə sadiqdir” mesajı yalnız beynəlxalq auditoriyaya deyil, həm də Ermənistanın daxili siyasi mühitinə hesablanıb.
Onun fikrincə, bu bəyanat seçki kampaniyası dövründə Ermənistan hakimiyyəti üçün mühüm arqumentə çevrilə bilər. Çünki hazırda hakimiyyətin əsas tənqid hədəflərindən biri Azərbaycanın sülh prosesinə yanaşması ilə bağlıdır.
Asif Nərimanlı vurğulayıb ki, Azərbaycanın İrəvanda keçirilən beynəlxalq platformadan verdiyi bu mesajlar həm regionda siyasi balansın dəyişdiyini, həm də sülh gündəliyinin əsas təşəbbüskarının Bakı olduğunu bir daha nümayiş etdirir.
Vüsalə









