İlham Əliyevin səfəri strateji tərəfdaşlığı gücləndirir – Sabiq deputat
Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı ilin aprelində Gürcüstana dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli ERAmedia-ya açıqlamasında bildirib ki, bu səfər Azərbaycan–Gürcüstan əlaqələrinin strateji xarakter daşıdığını bir daha təsdiqləyən mühüm siyasi hadisədir.
Q.Əlibəylinin sözlərinə görə, səfərin yekunları bütövlükdə Cənubi Qafqaz regionunda dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini sürətləndirən amil kimi qiymətləndirilməlidir. Onun fikrincə, dövlət başçılarının təkbətək görüşündə səsləndirilən mesajlar da göstərir ki, dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan–Gürcüstan münasibətləri regionda yeni reallıqlar formalaşdırır.
Sabiq deputat qeyd edib ki, Gürcüstan rəhbərliyinin Azərbaycana “dəyərli dost və əsas tərəfdaş” kimi yanaşması ölkəmizin geosiyasi nüfuzunun artmasının göstəricisidir. Bu yanaşma həm də iki ölkə arasında mövcud siyasi etimadın yüksək səviyyədə olduğunu nümayiş etdirir.
Q.Əlibəyli vurğulayıb ki, ali səviyyədə davamlı dialoq Bakı ilə Tbilisi arasında həyata keçirilən çoxşaxəli layihələrin əhəmiyyətini daha da artırır. Onun sözlərinə görə, xüsusilə nəqliyyat və enerji sahələrində reallaşdırılan layihələr həm regional əməkdaşlığı gücləndirir, həm də tərəflərin iqtisadi maraqlarının təmin olunmasına xidmət edir.
Açıqlamada o da bildirilib ki, səfər regional sabitlik və təhlükəsizlik məsələlərində iki ölkə arasında fəaliyyətlərin daha sıx koordinasiyasına zəmin yaradır. Sabiq deputatın qənaətinə görə, bütün bunlar Azərbaycanın Cənubi Qafqazda strateji rolunun daha da möhkəmləndiyini göstərir.
Vural









