İlhamə Quliyevanın sənət yolundan maraqlı faktlar
Azərbaycanın tanınmış müğənnisi, Xalq artisti İlhamə Quliyevanın doğum günüdür.
ERAmedia xəbər verir ki, 1943-cü ildə dünyaya gələn sənətçi uzun illər Azərbaycan estradasının seçilən simalarından biri olub və 2016-cı ildə vəfat edib.
İlhamə Quliyevanın yaradıcılığında bəstəkar Fikrət Əmirovla əməkdaşlıq xüsusi yer tutur. 1972-ci ildə Moskvada keçirilən Azərbaycan bəstəkarlarının yaradıcılıq gecəsində çıxış edən müğənninin ifası Əmirovun diqqətini çəkib. Konsertdən sonra bəstəkar onun üçün yeni əsərlər yazacağını bildirib.
Bu əməkdaşlığın nəticəsində “Mən səni araram”, “Göygöl”, “Gülür ellər”, “Gülərəm gülsən”, “De görüm, neyləmişəm” kimi əsərlər meydana gəlib. Həmin mahnılar sonralar İlhamə Quliyevanın repertuarının tanınan nümunələrinə çevrilib.
Müğənni 1965–1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin Estrada Orkestrində, 1970–1980-ci illərdə isə Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fəaliyyət göstərib. 1980-ci ildən etibarən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (“Azkonsert”) solisti olan müğənninin repertuarında həm Azərbaycan, həm də xarici bəstəkarların əsərləri yer alıb.
İlhamə Quliyeva yaradıcılığı ilə yanaşı, müxtəlif illərdə şəxsi həyatı ilə də diqqət mərkəzində olub. O, 1980-ci ildə Faiq Mirmöhsünovla ailə həyatı qurub. Evliliyi uzun çəkməyən sənətçi boşandıqdan sonra Mirmöhsünova soyadından imtina edərək yenidən Quliyeva soyadını daşıyıb və sonrakı illərdə ikinci dəfə ailə qurmayıb.
Müğənninin həyatında ailə münasibətləri ilə bağlı daha bir məqam isə xalasının nəvəsi Orxanla bağlı olub. İlhamə Quliyeva onu oğulluğa götürüb, öz övladı kimi böyüdüb və ailə qurmasına da dəstək verib.
Lakin Xalq artistinin ölümündən sonra onun qohumları ilə Orxan arasında miras məsələsi üzrə mübahisə yaranıb. Məhz bu proses zamanı İlhamə Quliyevanın oğulluğunu əmlakının yeganə varisi kimi rəsmiləşdirmədiyi barədə məlumatlar gündəmə gəlib.
Müğənninin həyatının son illəri isə yalnız yaradıcılığı ilə deyil, həm də həmkarları ilə münasibətləri ilə bağlı müzakirələrlə yadda qalıb. Buna baxmayaraq, İlhamə Quliyevanın Azərbaycan estradasında ifa etdiyi çoxsaylı mahnılar və özünəməxsus səhnə üslubu onun yaradıcılıq irsinin əsas hissəsini təşkil edir.
İlhamə Quliyeva müxtəlif illərdə İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və digər ölkələrdə konsert proqramları ilə çıxış edib. Onun ifaları Azərbaycan musiqisinin xaricdə təqdim olunmasında da mühüm rol oynayıb.
Vüsalə









