İnanılmaz marşrut: Alimlər “Yaşıl” çayın sirrini açıqladılar
ABŞ-ın şimal-şərq Utah ştatında axan Qrin-River çayı uzun illərdir geoloqları təəccübləndirir.
ERAmedia xəbər verir ki, çay nəhəng Uinta Mountains silsiləsini dolanmaq əvəzinə, sanki təbiət özü ona yol açıbmış kimi dağların içindən dərin kanyon yararaq keçir. Halbuki dağ süxurları o qədər möhkəmdir ki, çayın onları birbaşa yarıb keçməsi ilk baxışda mümkünsüz görünür.
Məsələ xüsusilə ona görə maraq doğurur ki, dağ silsiləsi təxminən 50 milyon il əvvəl formalaşıb, çayın indiki marşrutu isə cəmi 2–8 milyon il əvvəl yaranıb.
Yeni araşdırmanın nəticələri “Journal of Geophysical Research: Earth Surface” jurnalında dərc olunub və bu sirrə gözlənilməz izah təqdim edib.
Alimlər müəyyən ediblər ki, dağların altında, təxminən 200 kilometr dərinlikdə nadir geoloji proses – litosfer “damcısı” baş verib. Bu proses zamanı yer qabığının ağır hissəsi öz çəkisi ilə mantiyaya doğru “damcı” kimi çökməyə başlayıb. Həmin hissə aşağıya doğru hərəkət edərkən, onun üstündə yerləşən yer səthi müvəqqəti olaraq enib və çay da məhz bu zaman dağları yararaq özünə yol aça bilib.
Zaman keçdikcə çökmüş süxur daha dərin qatlara doğru hərəkət edib, qalan litosfer isə yenidən qalxıb. Lakin çayın açdığı yol artıq formalaşmış və landşaftda sabitləşmişdi. Beləliklə, milyon illər əvvəl baş verən dərin geoloji proses bu gün çayın necə axmasına birbaşa təsir göstərib.
Alimlərin sözlərinə görə, litosfer “damcıları” nadir, lakin çox güclü hadisədir. Bu cür proseslər relyefi gözlənilməz şəkildə dəyişə və bəzi çayların dağ silsilələrini dolanmaq əvəzinə birbaşa yarıb keçməsini izah edə bilər.
Vüsalə









