media-17828244295078935922_1200x630

Aqrar sahənin inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət strategiyasının əsas tərkib hissələrindən biridir. Dövlətimizin başçısının regionların mövcud iqtisadi potensialından səmərəli istifadə edilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, son illərdə şimal-qərb bölgəsində yerləşən rayonlarda digər ənənəvi sahələr kimi, tütünçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilməkdədir. Tütünçülüyün inkişafına dövlət tərəfindən diqqətin artırılması, subsidiyaların ayrılması, güzəştli kreditlərin verilməsi torpaq mülkiyyətçilərinin bu gəlirli sahəyə marağını artırıb.

ERAmedia xəbər verir ki, “Azərtütün” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən builki mövsümdə şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 813 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Hazırda ASC-yə məxsus sahələrdə yaşıl tütün yarpağının dərimi davam edir. İndiyədək cəmiyyətin bölgədə fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 579 tondan çox yaş tütün kütləsi daxil olub.

Səhmdar Cəmiyyətdən verilən məlumata görə, bu il tütün istehsalı ilə əlaqədar bölgədə 35 fermerlə müqavilə bağlanılıb. Fermerlərlə bağlanılan müqavilələr üzrə tütün əkilən sahə 390,2 hektar təşkil edir. Eyni zamanda, şirkətin özü tərəfindən cari mövsümdə şimal-qərb bölgəsində 422,8 hektar sahədə tütün əkilib. Əkin kampaniyası dövründə torpaq mülkiyyətçiləri Şəki rayonunda 383,6, Zaqatalada 277,1, Qaxda 80,2, Balakəndə 44, Oğuz rayonunda isə 28 hektar sahəyə tütün şitilləri köçürüblər.

Bu günədək emal məntəqələri Şəki rayonu üzrə istehsalçılardan 222,4 ton, Balakən rayonu üzrə 182,2 ton, Zaqatala rayonu üzrə 170,3 ton, Qax rayonu üzrə isə 4,6 ton yaş tütün kütləsi qəbul edib. Eyni zamanda, indiyədək emal məntəqələrində yaş tütündən 36,6 ton quru tütün istehsal olunaraq anbarlara yığılıb.

Ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi bölgənin kənd əhalisinin məşğulluğunun təmin olunmasına da müsbət təsir göstərir. Belə ki, tütün şitillərinin sahələrə köçürülməsi, becərmə işləri və yığım dövründə yüzlərlə kənd sakini mövsümi işlərə cəlb olunur, qazanc əldə edir.


media-adspc

Bənzər xəbərlər