İnsan alveri: Tarixi mərhələlər və qlobal yanaşmalar
İnsan alveri ilə mübarizənin tarixi əslində 1898-ci ilə təsadüf edir. İlk dəfə İngiltərənin Lordlar Palatasında ağ dərili qadınların daşınması məsələsi müzakirəyə çıxarılıb. Lakin problemlə bağlı ilk hüquqi sənəd 1904-cü ildə Parisdə 7 dövlətin iştirakı ilə qəbul olunub.
ERAmedia xəbər verir ki, bu barədə danışan Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, insan alveri ilə mübarizənin indiyədək 4 böyük dalğası qeydə alınıb.
O əlavə edib ki, sonuncu dalğa Sovet İttifaqı dağıldıqdan sonra keçmiş MDB dövlətlərinə aid edilir.
“Müasir dövrdə 5-ci dalğa kimi rəqəmsal cəlbetmə və istismar formalarını diqqətə almaq mümkün olsa da, bu məsələ hələ dünyada rəsmi şəkildə ayrıca dalğa statusu almayıb.
İnsan alveri ilə mübarizəyə dair bir çox beynəlxalq konvensiyalar qəbul olunub, lakin həmin sənədlərin əksəriyyəti deklarativ xarakter daşıyıb. 1949-cu ildə, İkinci Dünya müharibəsindən sonra BMT tərəfindən qəbul edilmiş konvensiya da bu qəbildəndir”, – deyə o bildirib.
M.Zeynalova qeyd edib ki, 2000-ci ildə qəbul olunmuş Palermo Protokolu problemə yeni yanaşma strategiyasını irəli sürərək insan alverinə münasibəti köklü şəkildə dəyişdi:
“2005-ci ildə insan alveri mövzusunda ilk film çəkildi və bu filmdən əldə olunan gəlir insan alveri qurbanlarına yardım məqsədilə yönəldildi. Real faktlara əsaslanan ikinci film isə “Fleytanın səsi” idi. Bu film dünyada uşaq alveri və uşaqların istismarı faktlarını gündəmə gətirdi.
Məhz bu real hadisələri üzə çıxaran şəxs dünyada istismarın ən qorxunc üzünü nümayiş etdirə bildi. O, bu faktları aşkara çıxararkən həm karyerasını, həm də həyatını ciddi təhlükə altına atmışdı. Onun çoxsaylı övladları var idi. Lakin buna baxmayaraq, o illərlə ailəsindən ayrı qalaraq başqa uşaqları istismardan azad etməyə nail olmuş və dünyanın diqqətini bu problemə yönəltmişdi. Bu çətin və riskli yolu davam etdirməsində ailəsinin ona verdiyi dəstək mühüm rol oynamışdı”.
Vüsalə










