media-w-925

media-ac30db9e-862e-47e8-afd1-80c01bae34d2

Rəsul Mirhəşimli

İslam dinində əxlaq, iman və ibadət bir-birindən ayrı qəbul edilmir. Çünki bu üç anlayış bir-birini tamamlayan əsas prinsiplər hesab olunur. Qurani-Kərimdə və hədislərdə gözəl əxlaqa yüksək dəyər verilir və onun iman və ibadətlə sıx bağlı olduğu vurğulanır.

Qurani-Kərimdə əxlaqla bağlı çoxsaylı ayələr mövcuddur və bu ayələrdə insanlara gözəl əxlaq sahibi olmağın əhəmiyyəti xatırladılır. Peyğəmbərimiz Hz.Məhəmməd (s.) də dəfələrlə müsəlmanları gözəl əxlaq sahibi olmağa təşviq edib, özü də yüksək əxlaqı ilə insanlara nümunə olub. İslamda gözəl əxlaq imanla ayrılmaz şəkildə bağlıdır və imanın əsas göstəricilərindən biri hesab edilir.

İbadət də əxlaqın formalaşmasına və inkişafına xidmət edir. İslamın fərz ibadətləri olan namaz, oruc və zəkat insanın həm Allahla, həm də cəmiyyətlə münasibətlərini tənzimləyərək onun əxlaqlı bir insan kimi yetişməsinə töhfə verir. Beləliklə, İslamda əxlaq, iman və ibadət bir-birindən ayrılmayan bütöv bir sistem təşkil edir və bunlardan birini digərindən ayrı düşünmək mümkün deyil.

İslam dini həyatın bütün sahələrini əhatə edən əxlaqi prinsip və hökmləri özündə birləşdirir. İslamda əxlaq yalnız fərdi davranışlarla məhdudlaşmır; ailə, cəmiyyət, iqtisadiyyat və siyasət sahələrində də əxlaqi qaydalar mövcuddur. Bu qaydalar Allahın əmr və qadağalarına əsaslanır və bütün insanlara ünvanlanır.

Din bir növ ilahi mənbədən qaynaqlanan əxlaq sistemidir. Qurani-Kərim və hədislərdə yer alan əxlaqi prinsiplər insanları doğruluğa, ədalətə, dürüstlüyə, mərhəmətə və vicdanlı olmağa istiqamətləndirir. İslam əxlaqı yalnız insanın fərdi və ictimai münasibətlərini deyil, onun mənəvi dünyasını da tənzimləyir. Bu isə göstərir ki, din yalnız ibadətlərdən ibarət deyil, eyni zamanda həyat tərzini və əxlaqı da əhatə edir.

Beləliklə, İslam dini mənbəyini Allahdan alan və həyatın bütün sahələrində tətbiq oluna bilən əxlaqi qaydalar toplusu kimi qəbul edilə bilər. Bu qaydalar insanlara necə yaşamalı və bir-birilərinə necə davranmalı olduqları barədə yol göstərir.

İnsanı doğruluğa, ədalətə və vicdana yönəldən əxlaqi prinsiplərin təməlini təşkil edən iman insanı yalnız bu dünyadakı davranışlarına görə deyil, həm də axirətdəki Hesab Gününə görə məsuliyyət daşıdığına inandırır. Bu inanc insanı təkcə ictimai qaydalara riayət etməyə deyil, həm də başqalarının haqqını qorumağa, haqsızlıqdan çəkinməyə və vicdanlı olmağa sövq edir.

Dini əxlaq yalnız sosial norma deyil, həm də müqəddəs bir vəzifə hesab olunur. Bu müqəddəslik anlayışı insanın daxili aləmində əxlaqi dəyərlərin daha da möhkəmlənməsinə və davamlı olmasına şərait yaradır. Beləliklə, iman və din əxlaqi prinsiplərin möhkəmliyini və davamlılığını təmin edən ən güclü vasitələrdən biridir.

Qanunlar cəmiyyətdə nizam-intizamın qorunması üçün mühüm əhəmiyyət daşıyır. Lakin onlar insanların hər yerdə və hər zaman eyni məsuliyyətlə davranmalarını təmin etməkdə kifayət etməyə bilər. İnsan tək qaldıqda, heç kimin onu görmədiyi və nəzarət etmədiyi anlarda qanunların təsiri zəifləyə bilər. Ancaq din insanın qəlbində daim fəaliyyət göstərən mənəvi nəzarətçi rolunu oynayır. Allahın hər şeyi gördüyünə və hər bir əməlin Hesab Günündə qiymətləndiriləcəyinə inam insanı öz davranışlarına qarşı daha məsuliyyətli olmağa sövq edir.

Din insanı yalnız ictimai qınaqdan çəkinməyə deyil, həm də vicdanını oyatmağa və daxili nəzarət mexanizmi formalaşdırmağa xidmət edir. Beləliklə, din insanı əxlaqsızlıqdan çəkindirən və doğru davranışlara təşviq edən ən güclü vasitələrdən biridir.

Din eyni zamanda insanı cinayətdən və əxlaqsızlıqdan uzaqlaşdıran güclü bir inanc sistemidir. Dini inanc insana doğru ilə yanlışı ayırmağı öyrədir, onu vicdanlı və ədalətli olmağa təşviq edir. Allahın hər şeyi gördüyünə və axirətdə bütün əməllərin hesabının veriləcəyinə inam insanı cinayət törətməkdən çəkindirir və onu daha məsuliyyətli həyat sürməyə istiqamətləndirir. Bu baxımdan din həm fərdi, həm də ictimai təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.

Cinayətlərin törədilməsinin səbəbləri müxtəlifdir və hər bir cinayətkarın xarakteri fərqlidir. Buna görə də cinayət törətmiş şəxsləri anlamaq üçün onların fərdi xüsusiyyətləri, dini inancları və davranışları nəzərə alınmalıdır. Dini inanc insanın mənəvi dəyərlərinə, əxlaqına və cəmiyyətdəki davranışlarına güclü təsir göstərir. İman insanın həyatında bir növ istiqamətverici kompas rolunu oynayaraq onun davranışlarını nəzarətdə saxlayır.

Din öz sosial və mədəni təsiri ilə insanların davranışlarını formalaşdıran mühüm amildir. İnsanların ictimai həyatda necə davranmasına istiqamət verən əsas təsir vasitələrindən biri də dindir. Buna görə də bir insanın cinayət törədib-törətməməsi məsələsində onun dini inancının dərinliyi və həyatına təsiri də nəzərə alınmalıdır. Güclü dini inanca malik olan insan əxlaqa zidd və qanunsuz əməllərdən daha çox çəkinə bilər. Çünki dini inanc onu daha məsuliyyətli, vicdanlı və ədalətli olmağa təşviq edir.


media-adspc

Bənzər xəbərlər