media-39c12439-c212-4220-8e9e-1bdfabcbdd87

“İnsanın ən böyük sualı cavabsız qalmalıdır…”

ERAmedia xəbər verir ki, sosial şəbəkə istifadəçisi Tağı Türk insan beyninin kainatın yaranması və Allahın varlığı ilə bağlı suallara qəti cavab vermək imkanlarını müzakirə edib.

Tağı Türk qeyd edib ki, dünyanın öz-özünə yaranması, yoxsa Tanrı tərəfindən yaradılması sualı min illərdir insanları düşündürür və görünür, bu sual hələ uzun müddət də müzakirə olunacaq.

“Amma bir anlıq özümüzə başqa sual verək: Bütün bunların cavabını tapsaq, nə dəyişəcək?” – deyə o vurğulayıb.

Onun sözlərinə görə, insanın qarşısında məhdud bir ömür var. İnsan bu müddət ərzində sevir, sevilir, çalışır, övlad böyüdür, dostluqlar qurur, itkilər yaşayır, sevinir və kədərlənir, sonda isə bu dünyadan köçür.

Tağı Türk hesab edir ki, insanın əsas vəzifəsi kainatın bütün sirlərini açmaqdan daha çox, ona verilmiş ömrü insan kimi yaşamaqdır.

“Allahın var olub-olmaması barədə düşünmək əlbəttə ki, təbiidir. Amma həyatımızı yalnız bu sualın cavabını axtarmağa sərf etmək əvəzinə, bəlkə də ətrafımızdakı insanlara nə verdiyimizi, bu dünyadan gedəndə arxamızda nə qoyacağımızı düşünməliyik”, – paylaşımda qeyd olunub.

Tağı Türk vurğulayıb ki, kainatın necə başladığını bilmədən də yaxşı insan olmaq mümkündür.

“Amma yaxşı insan olmadan, kainatın bütün sirlərini bilsək belə, bunun bizə nə faydası olacaq?” – deyə o sual edib.

O bildirib ki, kiminsə “Allah yoxdur”, yaxud “bizi Allah yaratdı” düşüncəsinə sahib olması başqalarını narahat etməməlidir:

“Kim nə istəyir düşünsün. Amma sən də düşün, insanlıq üçün nə etmisən…”

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər