media-internet210

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə internet sürətinin artması ilə bağlı növbəti hesabatını açıqlayıb. Qurum beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdığını və son dövrdə aparılan infrastruktur layihələrinin müsbət nəticə verdiyini vurğulayıb.

ERAmedia xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz isə bu yanaşmanın hazırkı mərhələdə prioritet olmadığını bildirib. Onun sözlərinə görə, internet sürətinin yüksəlməsi müsbət hal olsa da, tənzimləyici qurumun diqqəti daha aktual problemlərə yönəlməlidir.

Ekspert qeyd edib ki, hazırda ölkədə əsas məsələ “yüksək internet sürətini necə əldə edim” sualı deyil. Onun fikrincə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Aztelekom tərəfindən həyata keçirilən infrastruktur layihələri bu problemi böyük ölçüdə həll edib.

Osman Gündüz bildirib ki, İKTA-nın sürət göstəriciləri ilə bağlı tez-tez açıqlamalar verməsi və beynəlxalq reytinqlərdə irəliləyişin qabardılması əks effekt yaradır. O hesab edir ki, bu istiqamətdə beynəlxalq qurumlara vəsait xərcləməkdənsə, resurslar birbaşa istifadəçilərin xeyrinə yönəldilməlidir.

Onun sözlərinə görə, bu gün istifadəçiləri daha çox narahat edən məsələlər internet xidmətlərinin baha olması, tələbata uyğun tarif seçimlərinin məhdudluğu, bəzi bölgələrdə rəqabətin zəifliyi, real sürətin vəd edilən göstəricilərə uyğun gəlməməsi, kəsintilər və ümumi xidmət keyfiyyətidir.

Ekspert mobil internet qiymətlərinin davamlı artdığını da xüsusi vurğulayıb və qeyd edib ki, bu məsələ ilə bağlı indiyədək İKTA tərəfindən ciddi mövqe ortaya qoyulmayıb.

Osman Gündüz əlavə edib ki, dövlət operatoru olan Aztelekom-un minimal 25 manatlıq tarif siyasətində israr etməsi abonentlər üçün seçim imkanlarını məhdudlaşdırır.

Sonda ekspert vurğulayıb ki, hazırkı mərhələdə əsas diqqət sürət göstəricilərinin reklamına deyil, ədalətli qiymət siyasətinə, seçim azadlığının təmin olunmasına və keyfiyyətli xidmətin artırılmasına yönəldilməlidir.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər