media-1790400349438881108_1200x630

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib.

Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, Azərbaycan iqtisadiyyatında yeni dövrün əsas hədəflərindən biri qeyri-neft-qaz sektoruna xarici sərmayələrin daha fəal şəkildə cəlb edilməsidir.

Deputatın sözlərinə görə, rəsmi statistik göstəricilər də ölkəyə investisiya axınının artdığını göstərir. Belə ki, 2025-ci ildə xarici sərmayələr də daxil olmaqla bütün mənbələr üzrə Azərbaycan iqtisadiyyatına 34,2 milyard manat investisiya yönəldilib. Bu, əvvəlki illə müqayisədə investisiya qoyuluşlarının 3,3 faiz artması deməkdir.

Vüqar Bayramov qeyd edib ki, ümumi investisiya qoyuluşlarında artım əsasən xarici sərmayələrin hesabına baş verib. Ötən il Azərbaycan iqtisadiyyatına yönəldilən xarici investisiyaların həcmi 17 faiz artaraq 16,7 milyard manata çatıb. 2024-cü ildə bu göstərici 14,3 milyard manat təşkil edib. Xarici valyuta ifadəsində isə 2025-ci ildə Azərbaycan iqtisadiyyatına 9,8 milyard ABŞ dolları həcmində xarici sərmayə cəlb olunub.

Deputat bildirib ki, Azərbaycan xarici investisiyaların coğrafiyasını da genişləndirir. Ölkə iqtisadiyyatına ən çox sərmayə Böyük Britaniyadan yönəldilir. Türkiyə, Cənubi Kipr, Birləşmiş Ərəb Əmirlikləri və İran da əsas investor ölkələr sırasında yer alır.

Onun sözlərinə görə, investisiya axını yalnız Azərbaycana yönələn kapitaldan ibarət deyil. Ötən il Azərbaycandan xarici ölkələrə 2 milyard 528 milyon ABŞ dolları həcmində birbaşa investisiya yatırılıb.

Vüqar Bayramov vurğulayıb ki, beynəlxalq investisiya forumları xarici investorlarla əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının formalaşdırılması və Azərbaycan iqtisadiyyatına əlavə kapitalın cəlb edilməsi baxımından mühüm platformadır.

Deputatın fikrincə, Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanan anlaşmalar və əldə olunan razılaşmalar xüsusilə qeyri-neft-qaz sektoruna xarici investisiyaların artırılması üçün yeni imkanlar yarada bilər. Bu baxımdan, investisiya mühitinin daha da inkişaf etdirilməsi və qeyri-neft sektorunun investisiya üçün cəlbediciliyinin artırılması qarşıdakı dövrdə əsas istiqamətlərdən biri olaraq qalacaq.

Vüsalə


media-adspc

Bənzər xəbərlər