media-azerbaycanda-iqlim-haqqinda-qanun-layihesi-hazirlanib-1777554049

İqlim dəyişikliyinin yaratdığı həddindən artıq istilər, meşə yanğınları və daşqın riski Avropada insanların yaşayış yeri seçiminə getdikcə daha çox təsir göstərir. Təhlükəsiz hesab olunan ərazilərə köçün artması həmin bölgələrdə mənzilə tələbatı və qiymətləri yüksəldir. Bu proses isə “iqlim gentrifikasiyası” (iqlim səbəbli sosial təbəqələşmə) adlandırılan yeni bir fenomeni gündəmə gətirib.

Son onilliklər ərzində Avropa şəhərlərinin ətraf məhəllələrində ekşi mayalı çörək sexləri, üçüncü dalğa qəhvəxanaları və kiçik şərab barları gentrifikasiyanın əsas əlamətləri hesab olunurdu. Lakin artıq zəngin və aztəminatlı əhali arasındakı fərqi müəyyən edən əsas amillərdən biri iqlim riskləri sayılır.

Daşqınlar, sahil eroziyası və ekstremal istilər insanların harada yaşamaq istəyinə təsir etdikcə, daha təhlükəsiz məhəllələrə varlı təbəqənin axını güclənir. Nəticədə həmin ərazilərdə mənzil qiymətləri artır, aşağı gəlirli sakinlər isə bu bölgələri tərk etməyə məcbur qalırlar.

ERAmedia xəbər verir ki, bu mövzuda İspaniyanın Barselona şəhərində aparılan yeni araşdırma iqlim gentrifikasiyasına ən həssas əraziləri açıq platformada xəritələşdirib.

“Journal of City Climate Policy and Economy” jurnalında dərc olunan ClimateJusticeReady layihəsi ekoloji, sosial və mənzil göstəricilərini birləşdirərək iqlim gentrifikasiyası üzrə həssaslıq indeksi hazırlayıb.

Barselona Muxtar Universitetinin (ICTA-UAB) nəzdində fəaliyyət göstərən Barselona Şəhər Ətraf Mühit Ədaləti və Davamlılıq Laboratoriyasının (BCNUEJ) tədqiqatçıları Barselona metropoliten bölgəsində yerləşən 36 bələdiyyə üzrə istilik təsiri, yaşıl zonalara çıxış, sosial həssaslıq, binaların yaşı və ictimai infrastruktur barədə məlumatları təhlil ediblər.

Araşdırmanın nəticələri gözlənilənin əksini göstərib. Məlum olub ki, iqlim gentrifikasiyası riski ən yüksək olan ərazilər ənənəvi gentrifikasiya ilə tanınan məhəllələr deyil.

Şəhər mərkəzlərində mənzil qiymətləri nəqliyyat qovşaqlarına, mağazalara və restoranlara yaxınlıq səbəbindən yüksək olsa da, bu ərazilər sıx tikililər, yüksək əhali sıxlığı və daha çox çirklənmə ilə seçilir. Nəticədə burada temperatur da daha yüksək olur.

Şəhərin kənar məhəllələri isə daha çox yaşıllıq, aşağı əhali sıxlığı, daha təmiz hava və daha sərin iqlim şəraiti ilə fərqlənir. Bu ərazilərdə binaların vəziyyəti də adətən daha yaxşıdır və indiyədək turizm və kommersiya təsirindən qaynaqlanan qiymət artımlarından böyük ölçüdə kənarda qalıb.

Lakin araşdırma göstərir ki, şəhər mərkəzindəki yüksək temperaturdan yayınmaq istəyən insanlar üçün məhz bu məhəllələr yaxın gələcəkdə əsas cəlbedici yaşayış məkanlarına çevrilə bilər.

Layihənin həmmüəlliflərindən Amaliya Kalderon Arqeliç bildirib ki, iqlim dəyişikliyi nəticəsində istilik dalğalarının daha uzunmüddətli və daha intensiv olması insanların yaşayış yeri ilə bağlı prioritetlərini dəyişə bilər.

Onun sözlərinə görə, əvvəllər gentrifikasiya riski daşımayan ərazilər ekoloji üstünlükləri və istilik komfortuna görə indi daha cəlbedici görünür.

Mütəxəssislər hesab edirlər ki, Avropada şəhər mərkəzlərində kirayə qiymətlərinin artması səbəbindən yerli sakinlərin sıxışdırılması prosesi artıq şəhər kənarlarında da müşahidə oluna bilər. Çünki ekstremal hava hadisələri imkanlı insanları daha təhlükəsiz məhəllələrə köçməyə sövq edir.

Bu yay Barselona da daxil olmaqla Avropanın bir sıra şəhərlərində ardıcıl istilik dalğaları qeydə alınıb və temperatur rekord həddə çatıb. Avropa İttifaqının Kopernik İqlim Dəyişiklikləri Xidməti bildirib ki, həddindən artıq istilər artıq istisna deyil, Avropa yaylarının xarakterik xüsusiyyətinə çevrilməkdədir.

Eyni zamanda, dəniz səviyyəsinin qalxması və intensiv yağıntılar nəticəsində sahil daşqınlarının da daha tez-tez baş verdiyi qeyd olunur.

“ClimateJusticeReady” layihəsinin tədqiqatçıları xəbərdarlıq edirlər ki, bələdiyyələrin yaşıl zonaların salınması və su hövzələrinin bərpası kimi iqlimə uyğunlaşma layihələrinə yatırımları uzunmüddətli perspektivdə həmin ərazilərdə mənzil qiymətlərini daha da artıra və həssas sosial qrupların köçməsinə səbəb ola bilər.

ABŞ-ın Boston və Mayami kimi şəhərlərində dəniz səviyyəsinin yüksəlməsi və daşqın təhlükəsinin artması fonunda iqlim gentrifikasiyası artıq müşahidə olunur.

Tədqiqat müəllifləri hesab edirlər ki, bu prosesə qarşı qabaqlayıcı siyasətlər hazırlanmasa, şəhər mərkəzlərində müşahidə olunan sosial bərabərsizliklər gələcəkdə yeni yaşayış məntəqələrində də təkrarlanacaq.


media-adspc

Bənzər xəbərlər