İran–ABŞ xəttində yeni TƏKLİFLƏR: Danışıqlarda çıxış yolu varmı?
Yayılan məlumatlara görə, İranın ABŞ-a Pakistan vasitəsilə təkliflər təqdim etdiyi iddia olunur, hərçənd bu məlumat hələ rəsmi şəkildə təsdiqlənməyib.
ERAmedia xəbər verir ki, siyasi təhlilçi Asif Nərimanlı bu iddiaların reallığa yaxın olduğunu bildirib.
Onun sözlərinə görə, İranın irəli sürdüyü təklif üç əsas bənddən ibarətdir: ABŞ-ın dəniz blokadasını aradan qaldırması, İranın Hörmüz boğazını açması və yalnız bundan sonra nüvə proqramı üzrə müzakirələrin başlanması. Təhlilçi hesab edir ki, bu yanaşma Tehranın danışıqlarda taktiki üstünlük qazanmaq cəhdidir.
Asif Nərimanlı qeyd edib ki, mövcud şəraitdə dəniz blokadası ABŞ üçün əsas təzyiq aləti olaraq qalırsa, Hörmüz boğazı da İranın strateji rıçağıdır. Onun fikrincə, tərəflər ya qarşılıqlı güzəştlərə getməli, ya da uzunmüddətli iqtisadi və psixoloji qarşıdurma yolunu seçməlidirlər.
Təhlilçi vurğulayıb ki, İran daxilində qərarvermə mexanizmlərində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daha sərt mövqe nümayiş etdirir. Onun sözlərinə görə, bu qüvvə Hörmüz üzərində suverenlik iddialarından geri çəkilmək istəmir və bunu “strateji çəkindirmə” vasitəsi kimi görür.
Asif Nərimanlı bildirib ki, İran nüvə proqramı ilə bağlı mümkün güzəştləri məhz Hörmüz boğazı üzərində istəklərini qəbul etdirmək üçün istifadə etməyə çalışa bilər. Bu isə danışıqların daha da mürəkkəbləşməsinə səbəb olur.
Təhlilçinin qənaətinə görə, vəziyyət kifayət qədər mürəkkəb olsa da, tərəflərin yenidən danışıqlar masasına qayıtması ehtimalı yüksəkdir. O qeyd edib ki, hər iki tərəf üçün hərbi eskalasiyanın yenidən başlaması sərfəli deyil və minimum hədəf atəşkəsin və dialoqun davam etdirilməsi ola bilər.
Vural









