İran BMT üzvlərinə Hörmüz boğazı ilə bağlı çağırış etdi
İran Hörmüz boğazı məsələsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına təqdim edilməsi planlaşdırılan qərar layihəsinə etiraz edib.
ERAmedia xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ və Bəhreynin təşəbbüsü ilə hazırlanan layihənin tərəfsiz olmadığını bildirib.
İrəvani jurnalistlərə açıqlamasında deyib ki, ABŞ-ın Bəhreyn və digər Körfəz ölkələrinin dəstəyi ilə hazırladığı qərar layihəsi “birtərəfli və siyasi motivlidir”.
Onun sözlərinə görə, “ABŞ-ın addımları bəyan etdiyi məqsədlərlə tam ziddiyyət təşkil edir və yalnız regionda gərginliyin artmasına, sabitsizliyin dərinləşməsinə xidmət edir”.
İrəvani vurğulayıb ki, Hörmüz boğazı ilə bağlı yeganə çıxış yolu müharibəyə daimi son qoyulmasıdır.
“ABŞ isə bunun əvəzinə, öz siyasi gündəmini irəli aparmaq və qanunsuz addımlarını qanuniləşdirmək üçün gəmiçilik azadlığı bəhanəsi ilə qüsurlu və siyasi məqsədli qərar layihəsini gündəmə gətirir”, – deyə o bildirib.
İran nümayəndəsi əlavə edib ki, layihədə mövcud vəziyyətin əsas səbəbi kimi qiymətləndirdiyi ABŞ və İsrail hücumlarına toxunulmur. Buna görə də sənədin Təhlükəsizlik Şurası qərarları üçün vacib olan tərəfsizlik və etibarlılıq meyarlarına cavab vermədiyini qeyd edib.
İrəvani ABŞ-ı regiondan minlərlə kilometr uzaqda yerləşən ölkə kimi Körfəz bölgəsində sabitliyi pozmaqda ittiham edib. O, İranın Hörmüz boğazına sahili olan dövlət kimi öz təhlükəsizliyini və suverenliyini müdafiə etmək hüququnun məhdudlaşdırıldığını bildirib.
BMT Təhlükəsizlik Şurasının üzvlərinə müraciət edən İrəvani onları qərar layihəsini rədd etməyə çağırıb.
“Çünki bu gün İran hədəfdir, sabah isə başqa bir dövlət olacaq”, – deyə o vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts BMT-nin baş qərargahında çıxışı zamanı ABŞ-ın Bəhreyn və digər Körfəz ölkələrinin dəstəyi ilə Hörmüz boğazının açılması ilə bağlı qərar layihəsini Təhlükəsizlik Şurasına təqdim etməyə hazırlaşdıqlarını açıqlayıb. O, İranın Hörmüz boğazı ilə bağlı addımlarının beynəlxalq hüququ pozduğunu iddia edib.
Vural









