İran Hörmüzdə oyunu dəyişir: Enerji ticarətində yeni dövr başlayır
Yaxın Şərqdə geosiyasi və iqtisadi balansları dəyişdirə biləcək yeni addım gündəmdədir. İranın Hörmüz boğazı üzərindən keçən enerji daşımalarına tətbiq etdiyi yeni ödəniş sistemi beynəlxalq diqqəti cəlb edir.

- Eylem Okumuş
Yaxın Şərq üzrə mütəxəssis və qlobal müdafiə yazarı Eylem Okumuş ERAmedia-ya özəl açıqlamasında bildirib ki, İranın bu addımı sadəcə iqtisadi qərar deyil, daha geniş strateji planın tərkib hissəsidir. Onun sözlərinə görə, Hörmüz boğazından keçən neft tankerlərinə artıq dollarla ödəniş qadağan edilib və alternativ olaraq Çin yuanı və bəzi kriptovalyutalar tələb olunur.
Ekspert qeyd edir ki, bu qərarın əsas səbəbi Amerika Birləşmiş Ştatları tərəfindən tətbiq edilən sanksiyaların İran iqtisadiyyatına göstərdiyi təzyiqdir. Bank əməliyyatlarının məhdudlaşdırılması və neft gəlirlərinin dollar üzərindən asılı olması Tehranı yeni maliyyə mexanizmləri axtarmağa məcbur edib.
Eylem Okumuş vurğulayır ki, yeni sistemə əsasən tankerlər ödəniş etmədən boğazdan keçə bilmir və onların texniki, hüquqi və kommersiya məlumatları diqqətlə analiz olunur. Bu isə İranın yalnız iqtisadi deyil, həm də strateji nəzarət imkanlarını genişləndirir.
Onun fikrincə, İranın məqsədi açıqdır: qlobal enerji ticarətində dolların dominant rolunu zəiflətmək və alternativ maliyyə kanalları formalaşdırmaq. Bu kontekstdə Çin ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Çin həm İranın əsas enerji alıcılarından biridir, həm də yuanın beynəlxalq dövriyyəsinin genişlənməsində maraqlıdır.
Ekspert əlavə edir ki, Hörmüz boğazı dünyanın ən kritik enerji keçid nöqtələrindən biridir və burada tətbiq edilən hər hansı dəyişiklik qlobal bazarlara birbaşa təsir göstərir. Gündəlik milyonlarla barel neftin daşındığı bu marşrutda yeni ödəniş sisteminin tətbiqi enerji ticarətində ciddi struktur dəyişikliklərinə yol aça bilər.
Eylem Okumuş hesab edir ki, bu addım uzunmüddətli perspektivdə “petrodollar” sisteminə alternativ modelin formalaşmasına təkan verə bilər. Əgər digər ölkələr də oxşar yanaşma sərgiləsə, dünya enerji bazarında valyuta balansı əhəmiyyətli dərəcədə dəyişə bilər.
Sonda ekspert bildirir ki, İranın bu təşəbbüsü yalnız iqtisadi təzyiqlərə cavab deyil, həm də regionda və qlobal miqyasda güc balansını yenidən qurmaq cəhdidir. Bu baxımdan, Hörmüz Boğazında tətbiq edilən yeni qaydalar yaxın gələcəkdə həm siyasi, həm də iqtisadi müstəvidə daha geniş təsirlər doğura bilər.









