İran məktəblərinə edilən hücumlarda ölən müəllim və şagirdlərin sayı açıqlandı
ABŞ və İsrailin İrana qarşı 28 fevraldan 8 aprel tarixində əldə olunan müvəqqəti atəşkəsədək həyata keçirdiyi hücumlar nəticəsində ölkə üzrə 278 şagird və 67 müəllim həlak olub.
ERAmedia xəbər verir ki, İran dövlət televiziyasının Təhsil və Tərbiyə Nazirliyinə istinadən bildirdiyinə görə, zərbələr nəticəsində ibtidai və orta məktəblərin 278 şagirdi həlak olub.
Həmçinin 67 müəllimin öldüyü, əlavə olaraq 196 şagird və 26 pedaqoqun yaralandığı bildirilir.
Hücumlar nəticəsində 933 məktəb, 54 təhsil idarəsi, 17 mədəniyyət mərkəzi, 36 idman zalı və 8 tələbə düşərgəsi zədələnib.
Qeyd olunur ki, şagirdlər arasında itkilərin böyük hissəsi Hörmüzqan əyalətinin Minab şəhərindəki ibtidai məktəbə endirilən zərbə zamanı baş verib. Həmin zərbənin ABŞ tərəfindən həyata keçirildiyi bildirilir.
İran Qızıl Ayparasının daha əvvəl verdiyi məlumata görə, Minabdakı qızlar ibtidai məktəbinə 28 fevralda edilən hücum nəticəsində 180-dən çox insan, o cümlədən 168 uşaq həlak olub. Bildirilir ki, məktəb 40 dəqiqə fasilə ilə iki dəfə vurulub.
Vüsalə









