İran müharibəsi fonunda “itən silahlar” müzakirəsi böyüyür
ABŞ prezidenti Donald Trampın kürdlərlə bağlı növbəti dəfə narazılığını ifadə edib. O bildirib ki, Vaşinqton tərəfindən silahla dəstəklənən kürd qüvvələri sonradan İrana qarşı müharibəyə qoşulmayıb.
ERAmedia xəbər verir ki, araşdırmaçı jurnalist Kənan Rövşənoğlu məsələ ilə bağlı diqqətçəkən iddialar səsləndirib. Onun sözlərinə görə, artıq prosesdə mümkün maliyyə yeyintisi və silahların taleyi ilə bağlı ciddi suallar yaranmağa başlayıb.
Məsələnin gündəmə gəlməsinə səbəb isə PKK terror təşkilatının qolu sayılan Kürdüstan Azad Həyat Partiyası adlı (PEJAK) yaydığı açıqlama olub. Partiyanın sözçüsü bəyan edib ki, PEJAK heç bir xarici qüvvədən silah və sursat almayıb.
Açıqlamada həmçinin ABŞ prezidentindən konkret adların çəkilməsi tələb olunub. PEJAK tərəfi bildirib ki, əgər silah yardımı göstərilibsə, həmin silahları alan şəxslərin və ya qrupların adları açıqlanmalıdır.
Kənan Rövşənoğlu hesab edir ki, yaranmış vəziyyət silahların başqa istiqamətə yönləndirilməsi və ya mənimsənilməsi ehtimalını gücləndirir. O qeyd edib ki, müxtəlif dövrlərdə silahların Mərkəzi Kəşfiyyat İdarəsi vasitəsilə və ya İsrail üzərindən kürd qruplarına çatdırıldığı barədə iddialar səsləndirilib.
Jurnalistin fikrincə, indi ortaya çıxan ziddiyyətli açıqlamalar həmin prosesdə ciddi korrupsiya və maliyyə yeyintisinin baş verdiyi ehtimalını gündəmə gətirir. O vurğulayır ki, əgər PEJAK silah almadığını bildirirsə, bu halda yardımın kimə çatdırıldığı və vəsaitlərin necə xərcləndiyi sual doğurur.
Vural










