media-01m59wwdkc9vvkwb1kx34qyq7a-medium

İranın Pakistanla quru sərhədində gediş-gəlişin texniki problemlər səbəbindən müvəqqəti dayandırıldığı bəyan edilib.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında hesab edir ki, Tehran bu qərarla İslamabada siyasi mesaj verməyə çalışır və sərhədin bağlanmasını Pakistanın Türkiyə və Səudiyyə Ərəbistanı ilə imzaladığı Məkkə Sazişi kontekstində qiymətləndirmək olar.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayinin sözlərinə görə, sərhədin müvəqqəti bağlanması müəyyən texniki problemlər və ehtiyat tədbirlərinin görülməsi zərurəti ilə əlaqədardır. İranla Pakistan arasında təxminən 909 kilometr uzunluğunda ortaq sərhəd mövcuddur.

Elxan Şahinoğlunun fikrincə, Tehran sərhədin bağlanmasını texniki səbəblərlə izah etsə də, qərarın arxasında siyasi amillərin dayanması ehtimalı var. İran Məkkə Sazişini özünə və dəstək verdiyi husilərə qarşı formalaşan alyans kimi qəbul edir.

Siyasi şərhçi qeyd edir ki, İran daxilində Pakistanın Səudiyyə Ərəbistanı ilə yaxınlaşmasına etirazlar da səsləndirilir. İranlı millət vəkili Əhməd Naderi Pakistanın Yəmən məsələsində Səudiyyə Ərəbistanı ilə birgə hərəkət etməsinin İslamabadın İranla ABŞ arasında vasitəçilik roluna son qoyduğunu bildirib. İranın xarici işlər naziri Abbas Əraqçi də daha əvvəl Məkkə Sazişini imzalayan dövlətlərin adlarını çəkmədən müqaviləni tənqid edib.

Məkkə Sazişi çərçivəsində Türkiyə və Pakistanın Səudiyyə Ərəbistanına dəstəyini gücləndirməsi regional güc balansına təsir edən amillərdən biridir. Səudiyyə Ərəbistanı husilərin hücumlarının qarşısını almağa çalışır. Husilərin krallıq ərazisinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirməsi isə Ər-Riyadın təhlükəsizlik tədbirlərini gücləndirməsinə səbəb olub.

Saziş çərçivəsində Ər-Riyadda alyansın Strateji Siyasi və Müdafiə Komitəsinin iclası keçirilib. Pakistan Səudiyyə Ərəbistanına hərbi dəstəyi artırmaq istiqamətində addımlar atıb. İslamabadın bu ölkəyə hərbçilər göndərməsi, həmçinin qırıcı təyyarələr və hava hücumundan müdafiə sistemləri yerləşdirməsi əməkdaşlığın hərbi ölçüsünü ön plana çıxarıb.

ABŞ Prezidenti Donald Tramp da açıqlamalarının birində Məkkə Sazişinə dəstəyini ifadə edib və Pakistanın Səudiyyə Ərəbistanına hərbi yardımına müsbət yanaşıb.

Elxan Şahinoğlunun yanaşmasına görə, Vaşinqton husilərlə mübarizədə birbaşa ABŞ hərbçilərindən və hərbi texnikasından istifadə etməkdənsə, regional tərəfdaşların imkanlarından yararlanmağa üstünlük verə bilər. Bu baxımdan Pakistanın Səudiyyə Ərəbistanına hərbi dəstəyinin artması ABŞ üçün qəbuledilən görünə bilər. Bununla belə, həmin siyasətin İranla Pakistan arasındakı münasibətlərə və vasitəçilik prosesinə təsiri ayrıca məsələdir.

Pakistanın vasitəçilik rolunun zəifləməsi Vaşinqton üçün müəyyən çətinliklər yaratsa da, ABŞ İranla danışıqlarda Qətər və Oman kimi ölkələrin imkanlarından istifadə edə bilər. Bundan əvvəl ABŞ və İran nümayəndə heyətlərinin İslamabadda keçirdiyi görüşlər nəticə verməyib, tərəflər arasında razılaşma əldə olunmayıb və Hörmüz boğazında gərginlik aradan qalxmayıb.

Bununla yanaşı, Pakistanın vasitəçilik fəaliyyəti Çin üçün də əhəmiyyət daşıyır. Pekinin strateji tərəfdaşı olan İslamabadın ABŞ və İran arasında dialoqa töhfə verməsi Çinin regional diplomatik maraqlarına uyğun gəlirdi. Çin özü Vaşinqtonla Tehran arasında vasitəçilikdə həlledici rol oynaya bilmədiyi üçün Pakistanın bu istiqamətdəki fəaliyyətini dəstəkləyirdi.

Beləliklə, İran-Pakistan sərhədindəki müvəqqəti məhdudiyyət təkcə texniki məsələ deyil, həm də regionda formalaşan yeni siyasi və hərbi münasibətlər fonunda diqqət çəkir. Pakistanın Səudiyyə Ərəbistanına dəstəyinin artması Tehranla İslamabad arasında etimadı zəiflədə, İran-ABŞ danışıqlarında vasitəçilik imkanlarına və Çinin regional maraqlarına təsir göstərə bilər.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər