İran raketlərini çəkən turist saxlanıldı
Londondan olan 60 yaşlı britaniyalı turist Dubayda raketləri videoya çəkdiyi iddiası ilə saxlanılıb.
ERAmedia xəbər verir ki, bu barədə “Detained in Dubai” hüquq müdafiə təşkilatı məlumat yayıb.
Bildirilir ki, tətil üçün Dubayda olan kişi hazırda Bər-Dubay rayonundakı polis bölməsində saxlanılır.
“Daily Mail” qəzetinin məlumatına görə, turist saxlanılan zaman raketləri çəkərkən görülüb. Onun çəkdiyi görüntüləri sosial şəbəkələrdə yayıb-yayımlamadığı isə hələ məlum deyil.
Hadisə İranın ABŞ və İsrail tərəfindən hücuma məruz qalmasından sonra Birləşmiş Ərəb Əmirlikləri və Fars körfəzi bölgəsindəki digər ölkələrə cavab zərbələri endirməsi fonunda baş verib.
Əgər kişi kiber cinayətlərlə bağlı qanunlar əsasında ittiham olunarsa, onu iki ilə qədər həbs və ya cərimə gözləyə bilər. Milli təhlükəsizliklə bağlı ittihamlar isə daha uzunmüddətli həbs cəzası ilə nəticələnə bilər.
Hazırda turistə qarşı rəsmi ittiham irəli sürülməyib və onun əlavə tədbirlər görülmədən azad ediləcəyi də istisna olunmur.
Son günlər bölgədə davam edən gərginlik fonunda turistlər, bloqerlər və xarici vətəndaşlar Dubayda düşən və ya havada məhv edilən raketlərin foto və videolarını tez-tez sosial şəbəkələrdə paylaşırlar.
BƏƏ hakimiyyəti isə xəbərdarlıq edib ki, müharibə ilə bağlı materialların internetdə paylaşılması həbs cəzası ilə nəticələnə bilər. Çünki ölkədə dünyanın ən sərt kiber cinayət qanunlarından biri tətbiq olunur.
Bu qanunlara görə, hökumətin siyasəti, təhlükəsizlik məsələləri və regional münaqişələrlə bağlı hər hansı şərh cinayət kimi qiymətləndirilə bilər.
“İctimai asayişə”, “milli birliyə” və ya ölkənin nüfuzuna zərər verə biləcək materialların yayılması 77 min dollara qədər cərimə və ya həbs cəzası ilə nəticələnə bilər.
Britaniya və digər ölkə vətəndaşlarına BƏƏ qanunları ilə bağlı hüquqi yardım göstərən Detained in Dubai təşkilatı saxlanılan şəxsin ailəsinə dəstək verdiyini təsdiqləyib.
Təşkilatın baş direktoru Radha Sterlinq bildirib ki, hakimiyyətin raketlərin foto və videolarını çəkməmək barədə xəbərdarlıqlarına baxmayaraq, bir çox insan buna məhəl qoymur.
“Hamının telefon və kamerası var. İnsanlar sadəcə ehtiyatsız davranırlar”, — deyə o qeyd edib.
Vüsalə









