İran regionu qarşıdurmaya sürükləyir? – Diqqətçəkən AÇIQLAMA
İranın son dövrlərdəki addımlarını ictimai manipulyasiya və fikir çaşqınlığı yaratmaqla pərdələməyə çalışması Tehranın regiondakı ideoloji proksi hərəkatının fəaliyyət mexanizmlərini daha aydın göstərir.
ERAmedia xəbər verir ki, bu fikirləri siyasi məsələlər üzrə tədqiqatçı Aqşin Kərimov bildirib.
Onun sözlərinə görə, proksi qüvvə olmaq yalnız praktiki fəaliyyətlə məhdudlaşmır, eyni zamanda düşüncə və ideoloji xətlər vasitəsilə İranın məqsəd və məramını dəstəkləmək anlamına gəlir.
Tədqiqatçı qeyd edib ki, bəzi dairələrin İsrailə dəstək mesajları ilə bağlı apardığı təbliğat anlaşılmazdır. “Hətta Azərbaycan dövləti belə İsrailə açıq dəstək bəyanatları vermir. Lakin Naxçıvana hücumun müəllifi İsrail yox, İrandır”, – deyə o bildirib.
Aqşin Kərimov “İran bunu edə bilməz” fikrini irəli sürənlərə bir neçə məqamın xatırladılmasının vacib olduğunu vurğulayıb.
Tədqiqatçı xatırladıb ki, ABŞ və İsrailin İrana mümkün hücumlarından əvvəl və sonra Tehran Ali rəhbərliyi regional müharibə strategiyası ilə bağlı xəbərdarlıqlar səsləndirib. Onun sözlərinə görə, İran müharibə başlamazdan öncə əsas çəkindirmə vasitəsi kimi münaqişəni regionallaşdırmaq təhdidindən istifadə edirdi.
“Tehranın yanaşması regionda təhlükəsizlik problemlərini dərinləşdirmək niyyətinə əsaslanır. Bu isə regionun təhlükəsizliyini İran rejiminin yaşaması ilə əlaqələndirməyə çalışmasının bariz nümunəsidir”, – deyə o bildirib.
Aqşin Kərimovun sözlərinə görə, İran Cənubi Qafqazda hücum kampaniyasını Azərbaycandan başlatmaqla regionu İran ilə ABŞ–İsrail qarşıdurmasının mərkəzinə gətirməyə çalışır.
Onun fikrincə, bu yanaşma Tehran üçün TRIPP marşrutu baxımından əlavə təzyiq imkanları yaradır və Yaxın Şərqdə uğursuzluqlarla üzləşmiş İran strategiyasının Cənubi Qafqazda kompensasiyaedici manevr axtardığını göstərir.
Tədqiqatçı bildirib ki, Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında verdiyi açıq bəyanatlar İranın regional strategiyası barədə yüksək səviyyəli etibarlı məlumatlara əsaslanır.
Eyni zamanda o qeyd edib ki, İran daxilində SEPAH-a bağlı təbliğat aparatı ilə dövlətin diplomatik-siyasi korpusu və təhlükəsizlik strukturları arasında Naxçıvana hücumla bağlı ziddiyyətli mövqelər mövcuddur.
“Bu ziddiyyətlər Tehran üçün yeni deyil və əslində bir-birini tamamlayan yanaşma kimi formalaşıb. Paradoksal görünsə də, bu model İranın xarici siyasət kursu üçün ənənəvi haldır”, – deyə Kərimov bildirib.
Onun sözlərinə görə, Azərbaycan İran daxilindəki elitar ziddiyyətlərdən xəbərdardır və son hadisələr fonunda bu rəqabət daha da dərinləşir.
“Regional təsirlər təhlil olunub və Prezident İlham Əliyev Azərbaycanın üstün formatda nəticələr əldə edəcəyini İranın diqqətinə çatdırıb”, – deyə o əlavə edib.
Vural









