İran rejiminin əsl mahiyyəti bir daha üzə çıxdı – İlahiyyatçıdan diqqətçəkən açıqlama
İranın Kəşfiyyat Nazirliyinin Azərbaycan Dövlət Televiziyasını (AZTV) “düşmən media” elan etməsi ölkədə müxtəlif reaksiyalara səbəb olub.
ERAmedia xəbər verir ki, ilahiyyatçı Tural İrfan məsələ ilə bağlı açıqlamasında bildirib ki, bu addım İran rejiminin mahiyyətini bir daha nümayiş etdirir.
Onun sözlərinə görə, “xain xoflu olar”, “həqiqət acı olar” ifadələri bu hadisəyə tam uyğundur. Tural İrfan qeyd edib ki, İranın anti-İslam və anti-insani siyasətini, eləcə də Azərbaycana, onun xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini obyektiv şəkildə işıqlandıran AZTV-nin “düşmən media” elan edilməsi mənfur rejimin əsl simasını üzə çıxarır.
İlahiyyatçı vurğulayıb ki, İran rejimininin ideologiyası türklüyə, İslama, müsəlmanlara və ümumbəşəri dəyərlərə qarşı yönəlib. Onun fikrincə, rejim müqəddəs dini dəyərləri və dini şəxsiyyətlərin nüfuzunu öz siyasi məqsədləri üçün alətə çevirərək əslində həmin mənəvi dəyərləri içəridən zəiflədir və nüfuzdan salır.
Tural İrfan bildirib ki, bu rejimin vaxtilə Qərb tərəfindən dəstəklənərək formalaşdırılmasının əsas məqsədlərindən biri də müsəlman dünyasında parçalanma yaratmaq olub. O hesab edir ki, İran rejimi uzun illərdir məzhəb qarşıdurmasını körükləyir, narkotik və radikal ideologiyanın yayılmasına xidmət edir və bu baxımdan müəyyən xarici dairələrin maraqlarına uyğun fəaliyyət göstərir.
İlahiyyatçı Azərbaycanda İranın təsiri altında olan müxtəlif qrupların fəaliyyət göstərdiyini də iddia edib. Onun sözlərinə görə, bu təsir yalnız dini çevrələrlə məhdudlaşmır, müxtəlif peşə sahələrində fəaliyyət göstərən və fərqli adlar altında çıxış edən şəxslər arasında da müşahidə olunur.
Tural İrfan qeyd edib ki, əvvəllər əsas problem yalnız iranyönlü din xadimləri hesab olunurdusa, hazırda iranyönlü politoloqlar, jurnalistlər, psixoloqlar, sosioloqlar, tarixçilər və araşdırmaçıların da təsir imkanları artmaqdadır. O, bu şəbəkələrin müxtəlif sahələrə nüfuz etdiyini və fəaliyyətlərini gizli şəkildə davam etdirdiklərini bildirib.
Onun fikrincə, İranın Azərbaycanda yayımlanan media resurslarını məhdudlaşdırmaq və ya televiziya kanallarını bloklamaq mümkün olsa da, ölkə daxilində fəaliyyət göstərən agentura şəbəkəsi və rejim tərəfdarları bu boşluğu sosial şəbəkələr vasitəsilə doldurmağa çalışırlar.
Tural İrfan bildirib ki, həmin qruplar məzhəbçilikdən və tarixi-dini şəxsiyyətlərin nüfuzundan istifadə edərək dövlətə, xalqa, ziyalılara, Azərbaycanın ənənəvi dini dəyərlərinə və tolerantlıq mühitinə qarşı təbliğat aparırlar.
Sonda ilahiyyatçı hesab etdiyini vurğulayıb ki, İranın dövlət televiziyasına qarşı nümayiş etdirdiyi düşmən münasibətinə ən təsirli cavab Azərbaycanda bu rejimin terrorçu mahiyyətini təbliğ edən şəxslər barəsində qanunvericilik çərçivəsində hüquqi tədbirlərin görülməsi ola bilər.
Əli Fərhad









