İran səfrinin bəyanatı: Tehranın ritorikası nəyi hədəfləyir? – ŞƏRH
İranın Azərbaycandakı səfirliyinin son bəyanatı regionda artan gərginlik fonunda diqqət çəkir və müxtəlif suallar doğurur.
ERAmedia-nın məlumatına görə, siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, bu açıqlama təsadüfi deyil və daha geniş geosiyasi kontekstin tərkib hissəsidir.
Onun sözlərinə görə, İran səfirliyinin “İsrail müharibəni Xəzər və Cənubi Qafqaza yaymaq istəyir” iddiası, əslində, bölgədə mümkün ssenarilərə hazırlıq kimi qiymətləndirilə bilər. Bu bəyanatın ABŞ tərəfindən mümkün hücum xəbərdarlıqları və SEPAH-ın region ölkələrini hədəfə alan ritorikası ilə eyni vaxta təsadüf etməsi diqqətdən yayınmır.
Asif Nərimanlı qeyd edir ki, xüsusilə Naxçıvan istiqamətində baş verən hadisələrin “şübhəli” kimi təqdim olunması ciddi suallar yaradır. Onun fikrincə, səfirliyin bu mövqeyi əvvəlki hadisələrə yanaşmanın dəyişmədiyini göstərir və gələcəkdə oxşar ssenarilərin təkrarlanması ehtimalını gündəmə gətirir.
Şərhçi vurğulayır ki, bəyanatda “Muğan düzü” kimi konkret coğrafiyanın qeyd olunması və Xəzər dənizi üzərindən təhlükələrə işarə edilməsi təsadüfi deyil. Bu, Cənubi Qafqaz və Xəzər dənizi ətrafında yeni gərginlik ocaqlarının formalaşdırılması ehtimalını artırır.
Asif Nərimanlıya görə, daha bir diqqətçəkən məqam İranın yalnız Azərbaycandakı səfirliyi vasitəsilə bu mesajı verməsidir. Onun sözlərinə görə, Ermənistan və Gürcüstan kimi digər region ölkələrində analoji bəyanatların olmaması ictimai rəyin məhz Azərbaycanda yönləndirilməsinə cəhd kimi görünür.
Siyasi şərhçi hesab edir ki, bütün bu faktorlar birlikdə götürüldükdə, İranın regionda mümkün hərbi-siyasi ssenarilər üçün informasiya zəmini hazırladığı ehtimalını gücləndirir. Onun fikrincə, belə bəyanatlar gələcək hadisələr üçün “öncədən izah” və ya “alibi” funksiyası daşıya bilər.









