İran üçün siqnal: ABŞ və İsrail nədə razılığa gələ bilər? - ŞƏRH
Nikolas Maduronun hakimiyyəti zamanı Venesuela müxalifətinin iqtisadçılardan ibarət bloku ABŞ üçün trilyon dollarlıq fürsət kimi qiymətləndirilən plan hazırlamışdı. Plana əsasən, azad bazar iqtisadiyyatı olan və liberallaşdırılmış Venesuela ABŞ investorları üçün təqdim edilirdi.
ERAmedia xəbər verir ki, bunu siyasi təhlilçi Aqşin Kərimov bildirib.
Onun sözlərinə görə, hərçənd ki, Venesuela müxalifəti ABŞ-nin müdaxiləsini alqışlasa da, Donald Tramp Mariya Korina Maçadonu dəstəkləməkdən imtina etdi:
“Ancaq Tramp iqtisadi-ticari fürsətləri elə trilyon dollarlıq mənfəət prizmasından dəyərləndirməyə davam edəcək.
Maduronun devrilməsi İrandakı aksiyalar fonunda Tehran üçün şok dalğaların yaradılmasını stimullaşdırır. ABŞ və İsrail İranı fərqli bir perspektivdən yaxalamaq istəyəcək”, – deyə o əlavə edib.
A.Kərimov qeyd edib ki, ABŞ-nin Venesueladakı əməliyyatı hava hücumundan müdafiə müdaxiləsini məcbur etmədən məqsədlərinə çatıb:
“İranın təhlükəsizlik üçün kritik ərazilər ətrafındakı sahələrə yerləşdirilmiş hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılması bu mərhələdə nəzərdən keçirilə bilər.
Lakin diqqətə alınmalıdır ki, İranda ictimai rəyi güclü ideoloji çalarlarla yönləndirən fundamental institutlar var, bu ölkənin xarici müdaxiləyə qarşı dirəniş müqaviməti daha güclüdür.
İranın təbii sərvətlərinə çıxış Venesuela ehtiyatlarına əlverişli hərbi əməliyyat modelindən yanaşmaq qədər asan deyil.
Ona görə də, yaxınmüddətli dövrdə ABŞ və İsrail İranla hərbi gərginliyi artırmamaq barədə razılığa gələ bilərlər. Bununla belə, İran daxilində çox güclü kəşfiyyat əməliyyatlarının aparılması istisna deyil”.









