İranda “Mossad”a casusluqda ittiham olunan şəxs edam edildi
İran İsrailin kəşfiyyat agentliyi “Mossad”ın xeyrinə casusluqda təqsirli bilinən Əli Ərdəstani barəsində çıxarılmış ölüm hökmünü icra edib.
ERAmedia xəbər verir ki, İranın “Mehr” agentliyinin məlumatına görə, Ali Məhkəmənin hökmü qüvvədə saxlamasından və məhkəmə prosesinin tam başa çatmasından sonra edam hökmü yerinə yetirilib.
Məhkəmə Ərdəstanini İsrailin kəşfiyyat və təhlükəsizlik xidməti “Mossad” üçün casusluq etməkdə və ölkə ilə bağlı mühüm və məxfi məlumatları İsrail tərəfinə ötürməkdə təqsirli bilib.
İş materiallarına əsasən, məhkum internet vasitəsilə “Mossad” tərəfindən ələ alınıb və razılaşdırılmış ödənişlər, həmçinin yalan vədlər qarşılığında ona tapşırılan tapşırıqları yerinə yetirib.
Məhkəmə sənədlərində yer alan sübutlar və açıq etiraflar göstərir ki, Ərdəstani “Mossad” zabitlərinin rəhbərliyi altında konkret məkanların görüntülərini və hədəf şəxslər barədə məlumatları kəşfiyyat xidmətinə ötürüb. Hər bir tapşırığın icrasından sonra o, ödənişləri kriptovalyuta formasında alıb.
İş üzrə sənədlərdə, həmçinin qeyd olunur ki, Ərdəstani İranda müxtəlif məkanlarda “Mossad”la əlaqəli olduğu müəyyən edilmiş bir şəxslə şəxsən görüşərək topladığı məlumatları, foto və videomaterialları yeni tapşırıqlar almadan əvvəl ona təqdim edib.
Məhkəmə prosesinin bir neçə mərhələsində Ərdəstani “Mossad” zabitləri ilə birbaşa əlaqədə olduğunu tam dərk etdiyini və İranın əleyhinə dəyərli məlumatları bilərəkdən ötürdüyünü etiraf edib.
Vüsalə









