İrandakı etirazlarda bir ilk: Dövlət qurumları ələ keçirildi
İranda son aksiyaları bundan öncəkilərdən fərqləndirən maraqlı bir neçə məqam var. Birincisi, ilk dəfədir ki, burjaziya etiraza qalxır. Bundan öncə İranda burjaziya heç vaxt etirazlara qoşulmayıb.
Bunu ERAmedia-ya açıqlamasında araşdırmaçı jurnalist Fikrət Fərəməzoğlu bildirib.
O qeyd edib ki, etirazçılar daha çox dövlət qurumlarını ələ keçirməklə ilkə imza atırlar.
“Buna qədər aksiyalarda heç vaxt dövlət idarələri ələ keçirilmə üçün hədəf olmayıb. İlk belə hadisə Abadan, İlam və Xürrəmabadda baş verib. Aksiyalara təkcə başıaçıq və ya “modern” qadınlar deyil, elə hicablı qadınlar da qoşulmağa başlayıblar. Və bu əvvəlki dönəmlərdən fərqli olaraq, kütləvi şəkildə müşahidə olunur”, – deyə o bildirib.
Bundan əlavə, jurnalist qeyd edib ki, adətən aksiyaları dağıtmağa polis qüvvələri göndərilirdi:
“Son aksiyaların 3-4-cü günlərində polisi geri çəkib, onun yerini SEPAH-a veriblər. Bu İrandakı rejimin polisə etimad etmədiyinin göstəricisidir”.
“Etirazlar bu ölkədə rejim dəyişikliyinə səbəb ola bilərmi?” sualını cavablandıran F.Fərəməzoğlu qeyd edib ki, İranda rejimin dəyişməsi barədə danışmaq üçün hələ tezdir.
“Hadisələr o həddə deyil ki, rejim hər şeyi buraxıb getsin. Hələ gücləri var. Müqavimət göstərəcəklər”, – deyə o, fikirlərini belə yekunlaşdırıb.
Vural










