İrandan bu ölkəyə sərt mesaj: “Cavab verəcəksiniz”
İranın xarici işlər naziri Abbas Əraqçi İsrail ilə Körfəz ölkələri arasında gündəmə gələn təmas iddiaları fonunda sərt açıqlama verib.
ERAmedia xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahunun müharibə dövründə Birləşmiş Ərəb Əmirliklərinə gizli səfər etdiyi barədə xəbərlərə münasibət bildirən Əraqçi bunun İran təhlükəsizlik qurumlarının daha əvvəl rəhbərliyə təqdim etdiyi məlumatları açıq şəkildə təsdiqlədiyini bildirib.
Əraqçi sosial media hesabında paylaşdığı açıqlamada İsraillə gizli əməkdaşlığın bölgədəki gərginliyi daha da artırdığını vurğulayaraq bunun nəticəsiz qalmayacağını qeyd edib.
“Netanyahu İranın təhlükəsizlik qurumlarının uzun müddət əvvəl rəhbərliyimizə çatdırdığı məsələləri indi ictimaiyyət qarşısında ortaya qoydu”, – deyə o qeyd edib.
Əraqçi İran xalqına qarşı düşmənçiliyin “ağılsız bir qumar” olduğunu deyib. “Bunu İsraillə gizli əməkdaşlıq yolu ilə etmək bağışlanmazdır. İsraillə əməkdaşlıq edərək parçalanma toxumu səpənlər cavab verəcək”, – deyə o əlavə edib.
İsrail baş nazirinin ofisinin yaydığı açıqlamada Netanyahunun gizli şəkildə BƏƏ-yə səfər etdiyi və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan ilə görüş keçirdiyi bildirilib.
Lakin Birləşmiş Ərəb Əmirlikləri İsrail Baş nazirinin ölkəyə səfər etməsi və İsrail hərbi heyətinin qəbul olunması ilə bağlı yayılan xəbərləri təkzib edib.
ABŞ mərkəzli “Axios” nəşri 26 aprel tarixli xəbərində İsrail ilə BƏƏ arasında hərbi, təhlükəsizlik və kəşfiyyat əməkdaşlığının müharibə dövründə yüksək səviyyəyə çatdığını yazmışdı.
“Axios”a danışan mənbələrin sözlərinə görə, Netanyahu ilə Al Nəhyan arasında müharibənin ilk günlərində keçirilən görüşdən sonra İsrail ordusuna məxsus “Dəmir Qübbə” hava müdafiə sistemi batareyasının və onu idarə edən onlarla israilli hərbçinin BƏƏ-yə göndərilməsi barədə göstəriş verilib.
ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi isə Təl-Əvivdə iştirak etdiyi konfransda İsrailin müharibə zamanı BƏƏ-yə “Dəmir Qübbə” batareyaları və onların idarə olunmasına kömək edəcək hərbçilər göndərdiyini təsdiqləyib.
Vural









