İrandan Ukraynaya sərt xəbərdarlıq: "Cavabsız qalmayacaq"
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi Ukraynanın Xəzər dənizində İranla əlaqəli gəmiləri hədəfə alması barədə açıqlamasına sərt reaksiya verib. Əzizi bildirib ki, Ukrayna tezliklə İranın heç bir addımı cavabsız qoymadığını anlayacaq.
ERAmedia xəbər verir ki, İbrahim Əzizi “X” sosial şəbəkə hesabında Ukraynaya ünvanlanan paylaşım edib.
Əzizi bildirib ki, İrana qarşı həyata keçirilən hücumların hər zaman bir bədəli olub və bu səbəbdən Kiyev rəhbərliyini xəbərdar edib.
O vurğulayıb ki, ABŞ və İsrail bunun fərqindədir. “Ukrayna tezliklə İranın heç bir addımı cavabsız qoymadığını anlayacaq”, – deyə Əzizi qeyd edib.
İranlı rəsmi Ukraynaya işarə edərək əlavə edib: “Yanlış hesab aparanların siyahısı getdikcə uzanır”.
Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl Xəzər dənizində İranla əlaqəli hərbi yüklər daşıyan gəmilər və bir hərbi gəminin uzaqmənzilli zərbələrlə vurulduğunu açıqlamışdı.
İran Xarici İşlər Nazirliyi həmin hücumu qınayıb.
Bundan əlavə, məsələ ilə bağlı Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Vüsalə










