media-iran

Azərbaycanın mehriban qonşuluq siyasətinə baxmayaraq İranın zaman-zaman nümayiş etdirdiyi ziddiyyətli və riyakar davranışları bir sıra ciddi suallar doğurur.

ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı açıqlamasında bildirib ki, Tehran rəhbərliyinin seçdiyi bu siyasət ilk növbədə İranın özünə mənfi təsir göstərir.

Deputatın sözlərinə görə, İran böyük enerji ehtiyatlarına malik olmasına baxmayaraq hələ də aşağı-orta gəlirli ölkələr sırasındadır. Onun qeyd etdiyi kimi, Dünya Bankının hesabatına əsasən, ölkə əhalisinin təxminən 40 faizi yoxsulluq həddində yaşayır.

“İran enerji ehtiyatları baxımından dünyanın ən zəngin ölkələrindən biridir. Ölkə 33 trilyon kubmetr qaz ehtiyatları ilə dünyada ikinci, 280 milyard barrel neft ehtiyatı ilə isə üçüncü yerdə qərarlaşır. Buna baxmayaraq, adambaşına düşən ÜDM cəmi 4250 dollar səviyyəsindədir. Eyni zamanda fiskal kəsir ÜDM-in 4 faizindən çoxdur”, – deyə deputat vurğulayıb.

Vüqar Bayramov bildirib ki, enerji resurslarına görə ilk üçlükdə olan İranın adambaşına düşən milli gəlirə görə dünyada 131-ci yerdə qərarlaşması ölkədə sosial-iqtisadi vəziyyətin ciddi problemlərlə üzləşdiyini göstərir. Onun fikrincə, yoxsulluq və sosial bərabərsizlik səviyyəsinin yüksək olması sadə vətəndaşların gəlirlərinin aşağı olduğunu açıq şəkildə nümayiş etdirir.

Deputat əlavə edib ki, son illərdə İranda baş verən etirazların əsas səbəblərindən biri də məhz mövcud siyasi və iqtisadi kursla bağlı narazılıqlardır.

“Etirazların əsas tələblərindən biri molla rejiminin yürüt­düyü riyakar siyasətdən imtina edilərək inkişaf trayektoriyasına keçid idi. Bunun üçün isə Tehranın davranışında fundamental dəyişikliklərə ehtiyac var”, – deyə Vüqar Bayramov qeyd edib.


media-adspc

Bənzər xəbərlər