İranın gələcəyi ilə bağlı ŞOK SSENARİ: Münaqişənin coğrafiyası genişlənməkdədir – ÖZƏL
Yaxın Şərqdə artan gərginlik fonunda İranın gələcəyi ilə bağlı yeni ssenarilər gündəmə gəlir.

- Eylem Okumuş
Yaxın Şərq üzrə mütəxəssis və qlobal müdafiə yazarı Eylem Okumuş ERAmedia-ya özəl açıqlamasında bildirib ki, mövcud şəraitdə münaqişənin qısa müddətdə başa çatması real görünmür.
Onun sözlərinə görə, İran ABŞ, İsrail və Körfəz ölkələrinin təzyiqləri qarşısında yalnız hərbi üstünlük qazanmağa çalışmır, eyni zamanda uzunmüddətli və strateji müqavimət xətti yürüdür.
Ekspert qeyd edib ki, müharibənin aylarla, hətta ilboyu davam etməsi ehtimalı daha yüksəkdir və bu müddətdə Tehran həm birbaşa hərbi əməliyyatları, həm də vəkil qüvvələr vasitəsilə təsirini genişləndirə bilər.
Eylem Okumuş vurğulayıb ki, münaqişənin coğrafiyası artıq genişlənməkdədir. Onun fikrincə, İranın İsrail ərazisinə yönəlmiş raket zərbələri qarşıdurmanın sərhədləri aşdığını göstərir və Cənubi Livan, İraq, Suriya, eləcə də Yəmən kimi bölgələrdə yeni aktorların prosesə qoşulması ehtimalını artırır.
Ekspert enerji bazarlarına təsirlərə də diqqət çəkib. O bildirib ki, Hörmüz boğazı ətrafında yaranan qeyri-müəyyənlik qlobal neft qiymətlərində dalğalanmalara səbəb olur və bu təsirlərin münaqişə başa çatdıqdan sonra da davam etməsi mümkündür. Onun sözlərinə görə, bu, İranın strateji addımlarının təkcə regional deyil, qlobal nəticələr doğurduğunu göstərir.
Eylem Okumuş hesab edir ki, beynəlxalq təzyiqlər müəyyən mərhələdə tərəfləri məhdud atəşkəsə sövq edə bilər. Lakin o vurğulayıb ki, bu cür razılaşmalar qalıcı sülh anlamına gəlmir, çünki tərəflər hələ də öz strateji maraqlarını qorumağa çalışırlar.
Sonda ekspert İran daxilindəki siyasi vəziyyətə də toxunub. O qeyd edib ki, rəsmi Tehran daxili təzyiqləri nəzarətdə saxlamaq üçün təhlükəsizlik mexanizmlərini gücləndirir, səfərbərlik tədbirləri və ehtiyat qüvvələrin hazır vəziyyətdə saxlanılması isə ölkənin müqavimət potensialını artırır.
Beləliklə, ekspertin qənaətinə görə, İran ətrafında formalaşan vəziyyət münaqişənin uzanacağına, regionda daha geniş böhran riskinin qalacağına və iqtisadi təsirlərin uzun müddət hiss olunacağına işarə edir.










