İranın “güc balansı” çağırışına sərt reaksiya
İranın Ermənistandakı səfiri Xəlil Şirqulaminin Azərbaycan və Ermənistan arasında “real güc balansı” yaradılmasının vacibliyi barədə açıqlaması siyasi şərhçi Elxan Şahinoğlu tərəfindən tənqid olunub.
Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, İranlı diplomatın bölgədə “yeni güc balansı” yaradılmasını uzunmüddətli sülhün təminatı kimi təqdim etməsi məntiqsiz yanaşmadır. Onun sözlərinə görə, Şirqulaminin “status-kvo mütləq qorunmalıdır” fikri də suallar doğurur.
“Status-kvonu yaradan və qoruyan Azərbaycandır. İranlı diplomatın məntiqinə görə isə, Azərbaycan Ermənistandan güclü olmamalı və ya əksinə, Ermənistan Azərbaycan qədər güclü olmalıdır. Birincisi, iki ölkə arasında əhali nisbətini dəyişmək mümkün deyil. İkincisi, Tehran istəyir deyə Azərbaycan hərbi büdcəsini azaldıb Ermənistanınkı qədər edə bilməz”, – deyə siyasi şərhçi vurğulayıb.
Elxan Şahinoğlu qeyd edib ki, İran səfirinin açıqlamalarından belə qənaət yaranır ki, Tehran Azərbaycanla Ermənistan arasında “güc balansı”nı təmin edən tərəf olmaq iddiasındadır.
“İran səfirinin başqa bir məntiqinə görə, Azərbaycanla Ermənistan arasında ‘güc balansını’ qoruya biləcək ölkə İrandır. Halbuki Azərbaycanın öz təhlükəsizliyini və milli maraqlarını təmin etmək üçün hansı siyasət yürüdəcəyi Tehranın müəyyən edə biləcəyi məsələ deyil”, – deyə o bildirib.
Siyasi şərhçi hesab edir ki, Xəlil Şirqulami son açıqlaması ilə diplomatik çərçivələri də aşır.
“İranın Ermənistandakı səfiri hər dəfə statusunu və həddini aşan açıqlamalar verir. O, bu açıqlamaları ya özbaşına verir, ya da Xarici İşlər Nazirliyindən aldığı təlimatı həyata keçirir. Hər nədirsə, səfirin bu açıqlamaları İran–Azərbaycan münasibətlərinə əlavə gərginlik yaradır”, – Elxan Şahinoğlu əlavə edib.
Mələk Onur










