media-aztv

İranın Kəşfiyyat Nazirliyinin Azərbaycan Dövlət Televiziyasını (AZ TV) “düşmən media qurumları” siyahısına daxil etməsindən sonra Azərbaycan nümayəndələrinin İranda keçirilən rəsmi tədbirdə iştirakı diqqət çəkən müzakirələrə səbəb olub.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlmasında bildirib ki, Tehranın bu addımı birbaşa Azərbaycan dövlətinə qarşı yönəlmiş siyasi mesaj kimi qiymətləndirilməlidir.

Elxan Şahinoğlu bildirib ki, İranın Kəşfiyyat Nazirliyi iyulun 23-də yaydığı siyahıda AZ TV-ni də “düşmən media qurumları” sırasına daxil edib. Onun sözlərinə görə, qərara əsasən, İran vətəndaşları həmin media orqanları ilə istənilən formada əməkdaşlıq etdikləri, məlumat, foto, video və ya digər materiallar göndərdikləri təqdirdə “Casusluğa və sionist rejimlə əməkdaşlığa görə cəzanın sərtləşdirilməsi haqqında qanun”un 4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Şərhçi qeyd edib ki, siyahıda Güney Azərbaycan Televiziyası da yer alsa da, AZ TV-nin ora əlavə edilməsi xüsusi siyasi məna daşıyır.

“İran vətəndaşları əsasən Günaz TV-yə şəkil və videolar göndərir, müxtəlif mövzularda şərhlər verirlər. Buna baxmayaraq, İranın Kəşfiyyat Nazirliyi AZ TV-ni də siyahıya daxil edib. Bu, Azərbaycan dövlətinə qarşı atılmış addım kimi qiymətləndirilməlidir”, – deyə o bildirib.

Elxan Şahinoğlunun sözlərinə görə, həmin qərardan cəmi bir neçə gün sonra Ərdəbildə “Şeyx Səfiəddin Ərdəbilinin Xatirə Günü” və “Ərdəbil Həftəsi” çərçivəsində keçirilən tədbirlərdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli və mədəniyyət nazirinin müavini Fərid Cəfərov iştirak ediblər.

O hesab edir ki, İranın Azərbaycan əleyhinə qərarından sonra bu səfərin təxirə salınması da nəzərdən keçirilə bilərdi.

Şərhçi diqqətə çatdırıb ki, tədbir zamanı Azərbaycan nümayəndələrinə İranın “Səhər” televiziya kanalının mikrofonu uzadılıb və onlar tədbirlə yanaşı, iki ölkə arasındakı münasibətlərlə bağlı da fikirlərini bölüşüblər.

“Belə bir sual ortaya çıxır: Təsəvvür edək ki, oxşar mədəniyyət tədbiri Bakıda keçirilir, İran rəsmiləri, alimləri və millət vəkilləri dəvət olunur. Onlar da AZ TV-nin mikrofonuna müsahibə verərək tədbir və Azərbaycan-İran münasibətləri barədə fikirlərini bölüşürlər. Maraqlıdır, həmin şəxslər ölkələrinə qayıtdıqdan sonra İranın Kəşfiyyat Nazirliyi öz qanunvericiliyinə əsaslanaraq onlara qarşı da cinayət işi açacaqmı?” – deyə Elxan Şahinoğlu vurğulayıb.


media-adspc

Bənzər xəbərlər