İranın XİN rəhbərindən ABŞ-a XƏBƏRDARLIQ
İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazı ətrafında artan gərginliklə bağlı diqqətçəkən açıqlamalar verib.
ERAmedia xəbər verir ki, o, sosial media hesabında paylaşdığı bəyanatda bölgədə baş verən hadisələrin siyasi böhranlara hərbi həllin mümkün olmadığını bir daha göstərdiyini bildirib.
Əraqçi qeyd edib ki, Pakistanın həyata keçirdiyi vasitəçilik səyləri nəticəsində danışıqlarda irəliləyiş əldə olunub və bu prosesin yeni bir münaqişə xəttinə çevrilməməsi vacibdir. İranlı nazir xüsusilə ABŞ-yə ünvanladığı mesajında qərarvericilərin pis niyyətli qüvvələrin təsiri ilə daha böyük xaosa sürüklənməməli olduqlarını vurğulayıb.
Nazir “X” sosial media platformasında Hörmüz boğazı ilə bağlı paylaşım edib. O bildirib ki, bölgədəki proseslər “siyasi böhrana hərbi həllin olmadığını açıq şəkildə göstərir”. Əraqçi əlavə edib ki, “Pakistanın fədakar səyləri sayəsində danışıqlar irəliləyərkən, ABŞ pis niyyətli qüvvələr tərəfindən qarışıqlığa sürüklənmək məsələsində diqqətli olmalıdır, eyni şəkildə Birləşmiş Ərəb Əmirlikləri də ehtiyatlı davranmalıdır”.
Əraqçi ABŞ prezidenti Donald Trampın Hörmüz boğazında ilişib qalan gəmilərin keçidi ilə bağlı “Azadlıq layihəsi” adlandırdığı təşəbbüsə də toxunaraq, “Azadlıq layihəsi kor düyün layihəsidir” ifadəsini işlədib.
Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi İran mənbəli olduğu bildirilən 12 ballistik raket, 3 qanadlı raket və 4 pilotsuz uçuş aparatının hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirildiyini açıqlasa da, İran bu hücumu öz üzərinə götürməyib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 4 may tarixindən etibarən Hörmüz boğazında ilişib qalan və Yaxın Şərqdəki böhranla əlaqəsi olmayan “neytral” ölkələrə məxsus gəmilərin keçidinə yardım etməyə başlayacaqlarını açıqlayıb və bu təşəbbüsü “Azadlıq layihəsi” adlandırıb.
Hər hansı ölkənin adını çəkməyən Tramp bu ölkələri “Yaxın Şərqdə baş verənlərlə heç bir əlaqəsi olmayan, dünyanın müxtəlif bölgələrindən olan ölkələr” kimi təsvir edib və əməliyyatın əsasən humanitar məqsədlər daşıdığını qeyd edib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da bu prosesə 15 min hərbçi, 100-dən çox quru və dəniz vasitəsi, eləcə də idarə olunan raket esminesləri ilə hərbi dəstək veriləcəyini açıqlayıb.
Məlumatlara görə, İran Hörmüz boğazından keçməyə çalışan və Cask adası yaxınlığında dəniz hərəkətinə təhlükə yaratdığı bildirilən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir gəmini iki raketlə hədəfə alıb.
İranın yarı rəsmi “Tesnim” xəbər agentliyinin yaydığı xəbərdə qeyd olunub ki, ABŞ-a məxsus gəmi radarını söndürərək boğaza yaxınlaşmağa çalışıb, radarını aktivləşdirdiyi anda isə aşkarlanıb.
Bildirilir ki, İran tərəfi ABŞ gəmisinə “atəşkəsi pozduğu” ilə bağlı xəbərdarlıq edib, lakin gəmi bu xəbərdarlıqlara məhəl qoymadıqdan sonra İran ordusu gəminin ətrafına xəbərdarlıq məqsədilə qanadlı raket, pilotsuz uçuş aparatı və raketlər buraxıb.
ABŞ Mərkəzi Komandanlığı isə İranın ABŞ hərbi gəmisinə iki raketlə hücum etdiyi iddialarını təkzib edərək, bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Vural









