media-bmt-1

Müxtəlif ölkə liderlərinin BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışları beynəlxalq medianın diqqət mərkəzindədir.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Tramp çıxışında Rusiya ilə Ukrayna arasında sülh sazişinin əldə olunacağına inandığını bir daha ifadə edib. Onun sözlərinə görə, bu açıqlamaya baxmayaraq, Ukraynada müharibə davam edir və hazırda onun yaxın zamanda dayandırılacağına dair konkret əlamətlər görünmür.

Elxan Şahinoğlu qeyd edib ki, Tramp çıxışında İranın nüvə silahına malik olmasına imkan verməyəcəklərini də vurğulayıb:

“İranla bağlı hazırda əsas müzakirə mövzularından biri nüvə məsələsi ilə yanaşı, Hörmüz boğazı problemidir. Bu istiqamətdə isə hələlik ciddi irəliləyiş yoxdur. Nyu-Yorkda Pakistan və Qətərin vasitəçiliyi ilə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin İranın xarici işlər naziri Abbas Əraqçı ilə görüşündən də real nəticə çıxmadı”.

Siyasi şərhçinin sözlərinə görə, Tehranın tələbləri məlumdur: ABŞ dəniz blokadasını ləğv etməli, dondurulmuş İran aktivlərini azad etməli və bütün cəbhələrdə müharibəyə son qoymalıdır.

“Elxan Şahinoğlu bildirib ki, Tehran ‘bütün cəbhələr’ ifadəsi ilə İranın bölgədəki proksi qüvvələrinə təzyiqin dayandırılmasını nəzərdə tutur. Halbuki ABŞ hazırda İranın İraq, Yəmən və Livandakı proksi qüvvələri ilə eyni vaxtda birbaşa münaqişə aparmır. Əksinə, Vaşinqtonla husilər arasında atəşkəs razılaşması mövcuddur”, – deyə o bildirib.

Şərhçi hesab edir ki, Donald Tramp Rusiya-Ukrayna müharibəsində olduğu kimi, İranla bağlı məsələnin də diplomatik yolla həllinə ümid edir. Lakin Tramp bununla yanaşı xəbərdarlıq da edib: razılaşma əldə olunmasa, ABŞ daha sərt addımlar ata bilər.

“Tramp çıxışında hətta İranın ‘məhv edilməsi’ ilə bağlı fikirlər səsləndirdi. Bu isə Vaşinqtonun Tehrana qarşı təzyiq siyasətinin davam edəcəyini göstərir”, – Elxan Şahinoğlu vurğulayıb.

Siyasi şərhçi qeyd edib ki, ABŞ Prezidentinin hədələdiyi digər ölkə Kubadır. Onun sözlərinə görə, Tramp Kuba rejiminin dəyişdirilməsi ideyasından imtina etməyib.

“Trampın xarici və təhlükəsizlik siyasətinin əsas gündəmində Rusiya-Ukrayna müharibəsinin dayandırılması və İran məsələsi olmasaydı, Kubada rejimin dəyişdirilməsi məsələsi daha çox ön plana çıxa bilərdi. Bununla belə, Kubaya qarşı sanksiyaların sərtləşdirilməsi ölkədə sosial vəziyyəti daha da mürəkkəbləşdirib. Bu da göstərir ki, Tramp administrasiyası Kubanı gündəmdən çıxarmayıb”, – deyə Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Trampın xarici siyasətində diqqət çəkən istiqamətlərdən biri də Qrenlandiya məsələsidir. Şərhçi qeyd edib ki, Tramp Qrenlandiyanı ABŞ-a birləşdirmək istəyini reallaşdıra bilməsə də, Danimarka və Qrenlandiya ilə yeni təhlükəsizlik razılaşmasının əldə olunması Vaşinqtona adadakı hərbi mövcudluğunu genişləndirmək və yeni hərbi bazalar yaratmaq imkanları verə bilər.

Elxan Şahinoğlu Azərbaycanla Ermənistan arasında sülh prosesinə də toxunub. O bildirib ki, bu istiqamətdə irəliləyişlər Tramp administrasiyasının xarici siyasətində diqqətçəkən məqamlardan biridir.

“2025-ci ilin avqustunda Ağ Evdə Donald Trampın iştirakı ilə imzalanan razılaşmadan sonra Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesi yeni mərhələyə keçdi və Zəngəzur dəhlizinin reallaşması ehtimalı artdı. Bu prosesi uğurla yekunlaşdırmaq, yəni sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin tikintisinə başlanılması Ermənistanın baş naziri Nikol Paşinyanın atacağı addımlardan asılıdır. Bu çalışmaların Tramp prezident olduğu dövrdə başa çatdırılmasında fayda var”, – deyə siyasi şərhçi bildirib.

Elxan Şahinoğlu qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da BMT Baş Assambleyasındakı çıxışında Azərbaycanla Ermənistan arasında sülh quruculuğunun müsbət istiqamətdə irəlilədiyini vurğulayıb.

“Ərdoğanın çıxışında əsas mövzulardan biri, həmişə olduğu kimi, Fələstin məsələsi idi. O, Fələstini dövlət kimi tanımayan ölkələri mövqelərini yenidən nəzərdən keçirməyə çağırdı. Ərdoğan son 12 ayın 60-dan çox münaqişə və müharibə ilə son 30 ilin ən qanlı dövrlərindən birinə çevrildiyini, Qəzza, Ukrayna, Rusiya, Myanma, Darfur, İran və Livandakı qarşıdurmalar nəticəsində 250 min insanın həyatını itirdiyini bildirdi”, – deyə o əlavə edib.

Siyasi şərhçinin sözlərinə görə, Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışlarında təşkilatda islahatların aparılması və Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi məsələsi də xüsusi yer tutur. Bu mövqe Türkiyənin gələcəkdə Təhlükəsizlik Şurasında daha böyük rol almaq istəyini də ifadə edir.

Elxan Şahinoğlu bildirib ki, BMT-də islahat çağırışları yalnız Türkiyə ilə məhdudlaşmır. Onun sözlərinə görə, BMT-nin keçmiş baş katibi Antonio Quterreş də son çıxışında təşkilatda islahatların vacibliyini vurğulayıb.

“Braziliya, Yaponiya, Hindistan və Almaniyanın xarici işlər nazirlərinin BMT Təhlükəsizlik Şurasında təcili islahatların aparılmasına ehtiyac olduğunu bəyan etməsi də diqqət çəkir. Bu ölkələrin nazirləri Təhlükəsizlik Şurasının hazırkı vəziyyətdə əsas vəzifəsini – dünyada sülh və təhlükəsizliyin qorunmasını effektiv şəkildə yerinə yetirə bilmədiyini qeyd ediblər”, – deyə şərhçi vurğulayıb.

Elxan Şahinoğlu Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankarın Nyu-Yorkda “Vışeqrad qrupu”na daxil olan Polşa, Çexiya, Macarıstan və Slovakiyanın xarici işlər nazirləri ilə görüşünü də əhəmiyyətli hesab edib.

“Jaishankar bu görüşü tarixi adlandıraraq Hindistanla ‘Vışeqrad qrupu’na daxil olan ölkələrin hər biri ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı. Bununla yanaşı, Yeni Dehlinin əsas məqsədlərindən biri həmin ölkələrin Hindistanın BMT Təhlükəsizlik Şurasında yer alması təşəbbüsünə dəstəyini əldə etməkdir. ‘Vışeqrad qrupu’ ölkələrinin xarici işlər nazirlərinin Yeni Dehlinin təşəbbüsünü dəstəklədiklərini ifadə etməsi Hindistan üçün diplomatik baxımdan əhəmiyyətlidir”, – deyə siyasi şərhçi əlavə edib.

Vural


media-adspc

Bənzər xəbərlər