media-950ab97d-b412-4c60-a24e-3323ea0ea969
media-bant_master

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə “Usta söyləyicilərin repertuarı” seriyasının III cildi nəşr olunub. Yeni nəşr İraq-türkman xoyratçısı İbrahim Rauf Tərzidən qeydə alınmış xoyrat nümunələri əsasında tərtib edilib.

ERAmedia xəbər verir ki, toplu ənənəvi folklor toplama təcrübəsində mühüm yeniliyi ilə diqqət çəkir. Belə ki, kitaba daxil edilən folklor nümunələri ilk dəfə olaraq İnternet üzərindən, rəqəmsal ünsiyyət vasitəsilə söyləyicidən qeydə alınıb. Bu yanaşma müasir folklorşünaslıq üçün yeni metodoloji imkanlar açır.

Kitabda xoyrat nümunələri elmi prinsiplər əsasında sistemləşdirilərək “Əski xoyratlar”, “Müəllifli xoyratlar”, “Yengi xoyratlar”, “Qarşılıqlı xoyratlar”, “Söyləyicinin müxtəlif xoyrat üsulları ilə oxuduğu mətnlər”, “Hekayəli xoyratlar”, “Xoyratçılar, sənətçilər və xoyrat məclisləri” başlıqları altında təqdim olunub. Bununla yanaşı, topluya “Əlavələr” bölməsi də daxil edilib. Həmin bölmədə “Rəvayətlər”, “Lətifələr”, “Deyim, atalar sözü, alqışlar”, “İlahi və qəzəllər”, “Türbə, təkkə və yer-yurd adları ilə bağlı mətnlər”, “Etnoqrafik mətnlər” yer alır. Kitab “Sözlük və şərhlər” bölməsi və xoyrat ifaçılarına aid fotoşəkillərlə tamamlanır.

Topluda təqdim olunan materialların böyük əksəriyyəti İraq-türkman xoyratlarından ibarətdir. Azərbaycanda İraq-türkman folkloruna dair ayrıca nəşrlər mövcud olsa da, yalnız xoyrat janrını əhatə edən xüsusi toplunun indiyədək nəşr olunmaması bu kitabın aktuallığını daha da artırır. Xoyratların bir çoxunun variantları ilə birlikdə verilməsi nəşrin əsas üstünlüklərindən biridir. Bəzi nümunələrdə 10-dək variantın ardıcıl təqdim olunması xoyratların variantlaşma mexanizmini izləməyə imkan yaradır.

Topluda yer alan müəllifli xoyratlar folklorşünaslıqda mövcud olan “müəllifli bayatılar variantlaşmır” fikrinə yenidən baxılmasının zəruriliyini ortaya qoyur. Variantlaşma prosesi müəllifli mətnlərin zamanla xalq yaradıcılığına çevrildiyini nümayiş etdirir və bu baxımdan kitab tədqiqatçılar üçün mühüm elmi material təqdim edir.

Xoyratların musiqi ilə sıx bağlılığı nəzərə alınaraq, İbrahim Rauf Tərzinin peşəkar xoyratçı olması nümunələrin hansı xoyrat üsulu və ya üsulları ilə ifa edildiyi barədə məlumatların verilməsinə də şərait yaradıb. Qarşılıqlı xoyratların, yəni deyişmə bayatıların silsilə şəklində təqdim olunması, onların xalq bayatısı və ya müəllifli xoyrat kimi təsnif edilməsi də nəşrin diqqətçəkən cəhətlərindəndir. Hekayəli xoyratlar, mətnlərin konteksti və funksiyasının dəqiqliklə göstərilməsi, eləcə də izah və şərhlər kitabın elmi dəyərini daha da artırır.

374 səhifə həcmində olan kitab “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Kitabın toplayıb tərtib edəni və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı (Süleymanova), elmi redaktoru isə filologiya elmləri doktoru, professor Əfzələddin Əsgərdir.

Əlihüseyn Salam

 


media-adspc

Bənzər xəbərlər