İrəvan kursu dəyişir? – Paşinyan sərhədlərlə bağlı yeni açıqlama verdi
Ermənistanın baş naziri Nikol Paşinyan Polşada xarici səfirlər, diplomatlar və analitik mərkəzlərin nümayəndələri ilə görüşdə ölkədə Rusiyanın hərbi mövcudluğu ilə bağlı sualı cavablandırıb.
ERAmedia-nın erməni mətbuatına istinadən məlumatına görə, o bildirib ki, 2024-cü ilə qədər sərhəd-keçid məntəqələrinin əksəriyyəti ya Rusiyanın nəzarəti altında olub, ya da orada rus sərhədçiləri xidmət aparıb. Buna misal olaraq İrəvandakı “Zvartnots” beynəlxalq hava limanı göstərilib.
“Hazırda isə Ermənistanın bütün sərhəd-keçid məntəqələri bizim sərhədçilərin nəzarətindədir”, – deyə hökumət başçısı qeyd edib.
Paşinyan eyni zamanda Rusiyaya əvvəlki mövcudluğuna görə təşəkkür edib. Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa edən Ermənistanın imkanları məhdud idi.
“Lakin indi biz imkanlarımızı inkişaf etdiririk. Rusiya hərbi bazasına gəldikdə isə hər hansı plan və ya proqramımız yoxdur. Həmçinin Rusiyanın hərbi bazasının mövcudluğu ilə bağlı narahatlığımız da yoxdur”, – deyə baş nazir əlavə edib.
Paşinyan vurğulayıb ki, Ermənistan Rusiya ilə sıx tərəfdaş olaraq qalır.
Vural









