İslam alimi silahlı hücumla öldürüldü
Pakistanın Hayber Paxtunxva əyalətinin Çarsəda bölgəsində tanınmış İslam alimi Şeyx Məhəmməd İdris Tarangzai silahlı hücum nəticəsində həyatını itirib.
ERAmedia xəbər verir ki, yerli mənbələrin məlumatına görə, hadisə Osmanzay ərazisində gündüz saatlarında baş verib. Kimliyi hələ müəyyənləşdirilməyən silahlı şəxslər Tarangzainin olduğu avtomobilə atəş açıblar.
Çarsədadakı xəstəxanalardan biri alimin vəfat etdiyini təsdiqləyib.
Hadisə yerindən yayılan görüntülərdə Tarangzainin mindiyi ağ rəngli avtomobilin arxa şüşəsinin tamamilə sındığı və nəqliyyat vasitəsində çoxsaylı güllə izlərinin olduğu görünür.
Hücumu hələlik heç bir qrup üzərinə götürməyib. Polis faktla bağlı araşdırmalara başlayıb və Çarsəda bölgəsində təhlükəsizlik tədbirləri gücləndirilib.
Tarangzainin ölümü sosial şəbəkələrdə geniş əks-səda doğurub, çoxsaylı başsağlığı mesajları paylaşılıb.
Başsağlığı verənlər arasında Təhrik-i Taliban Pakistan (TTP) qrupu da yer alıb. Qrupun açıqlamasında hücum pislənilib və Tarangzainin ölümü “böyük itki” kimi qiymətləndirilib.
Vural










