media-1

 

ABŞ və İran nümayəndə heyətlərinin İslamabadda keçirilməsi planlaşdırılan ikinci görüşünün təxirə salınması bölgədə qeyri-müəyyənliyin davam etdiyini göstərir.

Siyasi təhlilçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, tərəflər arasında əvvəlcədən razılaşdırılmış danışıqlardan imtina edilməsi onları gərgin gözləmə mərhələsinə keçirib.

Onun sözlərinə görə, əgər İslamabadda razılaşma ehtimalı yüksək olsaydı, ABŞ vitse-prezidenti Ceyms Vens birinci görüşdə olduğu kimi yenidən Pakistana səfər edərdi. Lakin İran Parlamentinin sədri Məhəmməd Qalibaf Tehranın tələbləri nəzərə alınmadan İslamabada getməkdə maraqlı olmayıb.

E.Şahinoğlu qeyd edib ki, əsas mübahisə mövzusu ABŞ-ın Hörmüz boğazı ətrafında tətbiq etdiyi blokadadır. “Tehran açıq şəkildə bildirir ki, Vaşinqton bu mühasirəni aradan qaldırmadan İran tankerləri boğazdan istifadəyə icazə verməyəcək. ABŞ isə blokadanı saxlayaraq paralel şəkildə danışıqlar aparmağın mümkün olduğunu düşünür. Bu isə İran üçün qəbuledilməzdir”, – deyə o vurğulayıb.

Təhlilçinin fikrincə, Pakistan tərəfi də danışıqların baş tutmamasında əsas məsuliyyəti ABŞ-da görür. Onun sözlərinə görə, İslamabad hesab edir ki, Hörmüz blokadası davam etdikcə diplomatik proses irəliləyə bilməz. ABŞ Prezidenti Donald Trampın isə mövqeyində dəyişiklik etməyərək yalnız atəşkəsin uzadıldığını açıqlayıb.

Elxan Şahinoğlu bildirib ki, Pakistan hökuməti İranı yenidən danışıqlara cəlb etmək üçün diplomatik səylərini artırıb. “İslamabad vasitəçi kimi aktiv fəaliyyət göstərir və Tehranla daimi təmasdadır. İranın qısa müddətdə qərar verməsi vacib hesab olunur”, – deyə o qeyd edib.
Ekspert xəbərdarlıq edib ki, danışıqların baş tutmaması bölgədə gərginliyi daha da artıraraq yeni müharibə riskini gücləndirə bilər. Onun sözlərinə görə, xüsusilə Körfəz ölkələri bu vəziyyətdən ciddi narahatdır:

“Müharibə yenidən alovlanarsa, İranın raket və dron hücumları region ölkələrini hədəfə ala bilər”.

Elxan Şahinoğlu əlavə edib ki, İran İnqilab Keşikçiləri Hərbi Hava Qüvvələrinin komandanı Məcid Musəvinin son açıqlamaları da vəziyyətin nə qədər həssas olduğunu göstərir. Generalın region ölkələrinə yönəlmiş sərt bəyanatı gərginliyin daha da artacağı ehtimalını gücləndirir.

Siyasi təhlilçinin qənaətinə görə, hazırkı şəraitdə əsas məsələ tərəflərin kompromisə hazır olub-olmamasıdır. Əks halda, diplomatik prosesin dayanması Yaxın Şərqdə yeni təhlükəli mərhələnin başlanğıcı ola bilər.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər