media-1569909444

İlahiyyatçı Tural İrfan İslamın “ərəbin dini”, Həzrət Məhəmmədin isə “ərəbin Peyğəmbəri” kimi təqdim edilməsini tənqid edib.

ERAmedia xəbər verir ki, Tural İrfan bunun ərəb-İsrail müharibələri və düşmənçiliyi zəminində formalaşan yanaşmaların təsiri ilə əlaqəli olduğunu bildirib. O qeyd edib ki, Həzrət İsanın və həvarilərin yəhudi əsilli olması xristianlığın mahiyyətinə qarşı belə ifadələrin işlədilməsinə əsas vermədiyi kimi, İslamı və Həzrət Məhəmmədi etnik mənşə üzərindən aşağılayıcı formada təqdim etmək də qəbuledilməzdir.

İlahiyyatçı ümumbəşəri dini dəyərlərin tayfa və qəbilə düşüncəsi çərçivəsində qiymətləndirilməsinin doğru olmadığını vurğulayıb.

Tural İrfan bəzi şəxslərin türkçülük kontekstində Tanrıçılıq və Şamanizm barədə fikirlər səsləndirdiyini, lakin digər dinlər və tarixi inanclar haqqında kifayət qədər məlumatlı olmadan bu inancları İslamla qarşı-qarşıya qoymağa çalışdıqlarını deyib.

O, Tanrıçılıq və Törə ilə bağlı sərt hüquqi və ictimai normaların mövcud olduğunu iddia edib. İlahiyyatçının sözlərinə görə, həmin dövrün köçəri cəmiyyətlərində ailə, ictimai asayiş, mülkiyyət, hərbi intizam, təbiət və müqəddəs sayılan məkanlarla bağlı ciddi qaydalar olub.

Tural İrfan bildirib ki, tarixi mənbələrdə türk və monqol siyasi-hüquqi ənənələri çərçivəsində bəzi cinayətlərə görə ağır cəzaların tətbiq edildiyi göstərilir. O, xüsusilə oğurluq, fərarilik, ictimai qaydaların pozulması və müəyyən dini-mənəvi qadağaların pozulmasına münasibətdə sərt yanaşmaların olduğunu qeyd edib.

İlahiyyatçı Çingiz xanın “Yasa”sı ilə bağlı müxtəlif mənbələrdə yer alan ağır cəza nümunələrinə də toxunaraq, həmin qaydaların müasir dövrün hüquq və ictimai münasibətləri ilə eyniləşdirilməsinin düzgün olmadığını bildirib.

Onun sözlərinə görə, qədim köçəri cəmiyyətlərində sərt cəzaların tətbiq edilməsinin əsas səbəblərindən biri ictimai nizamın və birliyin qorunması olub. Tural İrfan hesab edir ki, buna görə də Tanrıçılıqla bağlı tarixi təsəvvürlərdən xəbərsiz şəkildə onun yalnız adını çəkərək İslam hüququnun müəyyən müddəaları ilə qarşılaşdırmaq elmi və tarixi baxımdan əsaslandırılmış yanaşma deyil.

Tural İrfan vurğulayıb ki, tarixi inancların və hüquqi ənənələrin qiymətləndirilməsində həmin dövrün sosial və coğrafi şərtləri nəzərə alınmalıdır.

“Bu gün dinimiz İslamdır. Bu dinin milli birliyimizin qorunmasında da, digər xalqlarla mədəni, mənəvi bağlarla qohum-qardaş olmağımızda da əhəmiyyətli dərəcədə rolu var”, – deyə o qeyd edib.

İlahiyyatçı dini inancların mömin insanlar üçün toxunulmaz mənəvi dəyər olduğunu bildirərək, dini təhqir edən və ya inanan insanların müqəddəs hesab etdiyi dəyərləri hədəfə alan ifadələrdən çəkinməyə çağırıb.

“Öz dininə dil uzadan, öz dininə sataşan özü öz namusuna sataşan kimidir”, – Tural İrfan deyib.

O əlavə edib ki, dini dəyərlərlə bağlı müzakirələrdə sərhədlərə hörmət edilməli, insanların inanclarına qarşı təhqiramiz münasibətdən uzaq durulmalıdır.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər