İsraili Türkiyə qorxusu bürüdü: “Tehranı buraxın, əsas təhlükə Ankaradır!”
İsrail mediasının önəmli nəşrlərindən “Maariv”də dərc olunan bir analizdə Tel-Əvivin təhlükəsizlik siyasətindəki dar baxış sərt şəkildə tənqid edilib.
ERAmedia xəbər verir ki, təqaüddə olan general Yitzhak Brick tərəfindən yazılan məqalədə İsrailin İranla apardığı “hava savaşı” zaman itkisi kimi qiymətləndirilir və eyni zamanda əsas strateji məsələnin, regionda sürətlə artan Türkiyə təsirinin nəzərə alınmadığı vurğulanır.
ABŞ-İsrail-İran xətti üzrə münaqişə 13-cü gündə davam edərkən, İsrailin müdafiə strategiyası daxildən də sərt tənqidlərə məruz qalır. “Maariv” nəşrində “İranı unudun: Radar altında böyüyən daha təhlükəli təhdid” başlığı ilə yayımlanan məqalədə İsrail hərbi doktrininin zəif tərəfləri və Türkiyənin yüksələn mövqeyi analiz edilir.
Yitzhak Brick İsrail ordusunun yalnız hava qüvvələrinə güvənərək “steril savaş” apardığını bildirir. Onun fikrincə, hava gücünə həddindən artıq güvən, ordunun quru əməliyyat qabiliyyətini zəiflədir və çoxşaxəli münaqişələrdə (Livan, Suriya, Qərbi Şeria, İordaniya) hava qüvvələrinin kifayət etməyəcəyi vurğulanır. İranla davam edən qarşıdurmanın yalnız təyyarə və raket duelindən ibarət olduğu və bunun İsrailə saxta təhlükəsizlik hissi verdiyi qeyd olunur.
Məqalənin ən diqqət çəkən hissəsi isə Türkiyəyə həsr olunub. Brick İsrail rəhbərliyinin İrana fokuslandığı dövrdə Türkiyənin regional aktor olaraq artan gücünü kiçik hesab etdiyini iddia edir.
Onun sözlərinə görə, Türkiyənin Yaxın Şərqdə sürətlə artan hərbi və siyasi təsiri uzunmüddətli perspektivdə İrandan daha ciddi və “var olmaq” təhlükə yarada bilər.
Məqalədə Ankara ilə İsrailin strategiyasının qarşı-qarşıya olduğu və Türkiyənin regional konsolidasiya siyasətinin İsrailin bölgəni parçalama siyasətinə qarşı ən böyük əngəl olduğu vurğulanır.
Vural









