media-blue_mosque-istanbul

Türkiyədə ÖZGÜR-DER təşkilatının Azərbaycanın İstanbuldakı Baş Konsulluğu qarşısında məktəblərdə hicabın qadağan edildiyi iddiası ilə aksiya keçirməsi diqqət çəkib.

ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Asif Nərimanlı bildirib ki, məktəblərdə vahid geyim formasının tətbiq edilməsi hicab qadağası anlamına gəlmir və bu məsələ ayrıca müzakirə predmetidir. Onun sözlərinə görə, burada əsas diqqətçəkən məqam İranda Azərbaycana qarşı istifadə edilən tezislərin Türkiyədə də gündəmə gətirilməsidir.

Asif Nərimanlı qeyd edib ki, məktəblərdə vahid geyim formasının “hicab qadağası” kimi təqdim edilməsi adətən İrandan Azərbaycana qarşı təbliğat məqsədilə istifadə olunan məsələlərdən biridir. Onun fikrincə, eyni tezisin Türkiyədə də aksiyanın əsas motivinə çevrilməsi müəyyən suallar yaradır: “Aksiyanın təşkilində rəsmi Ankaranın rolu varmı?”

Təhlilçi bildirib ki, iki amil belə şübhələrin yaranmasına əsas verir. Onun sözlərinə görə, Türkiyədə Azərbaycana qarşı müxtəlif iddialarla aparılan kampaniyada hakim dairələrin icazəsinə dair irəli sürülən ehtimallar “hicab aksiyası”nın da bu prosesin istiqamətlərindən biri ola biləcəyi fikrini önə çıxarır.

Asif Nərimanlı aksiyanın təşkilatçısına da diqqət çəkib. O bildirib ki, aksiyanı ÖZGÜR-DER – Özgür Düşünce ve Eğitim Hakları Derneği təşkil edib. Təhlilçinin sözlərinə görə, təşkilat zaman-zaman fikir ayrılıqları yaşansa da, AKP-yə dəstəyi ilə tanınır və xüsusilə son seçkilərdə hakim koalisiyanı dəstəkləyən HÜDAPAR-la sıx əlaqələri var.

“ÖZGÜR-DER ideoloji baxımdan “Müsəlman qardaşları”na – İhvan hərəkatına yaxındır. Türkiyə hakimiyyətində bu ideologiyanın tərəfdarı olan xəttin mövcudluğu sirr deyil. Azərbaycana qarşı aksiyanın təşkilində də bu xəttin iştirakını istisna etmək olmaz”, – deyə Asif Nərimanlı vurğulayıb.

Təhlilçi hesab edir ki, Azərbaycana qarşı bu cür təzyiq cəhdləri ilə nəticə əldə etmək çətindir. O, Prezident İlham Əliyevin son çıxışında səsləndirdiyi “hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” fikirlərini xatırladıb.

Asif Nərimanlının fikrincə, Türkiyədə Azərbaycana qarşı bu cür yanaşma nə müttəfiqlik münasibətlərinə, nə də qardaşlıq əlaqələrinə uyğundur.

“Görünən odur ki, Türkiyədə hakimiyyət daxilindəki müəyyən qüvvələrin də yer aldığı radikal qruplar – onların İrana meylli olduğu da bəllidir – Azərbaycanla münasibətlərin pozulması istiqamətində çalışırlar. Vaxtilə SOCAR-a qarşı etirazları təşkil edən bu qüvvələr İran müharibəsi zamanı da Azərbaycana qarşı kampaniyanı, xüsusilə Naxçıvana dron hücumu məsələsi üzərindən körükləyirdilər”, – deyə o bildirib.

Təhlilçi hesab edir ki, hazırda da İranla eyni tezis üzərindən Bakıya qarşı hücumların həyata keçirildiyi müşahidə olunur.

“İkitərəfli münasibətlərdə yaranan problemləri həll etmək, inciklikləri aradan qaldırmaq mümkündür. Lakin Türkiyədə Azərbaycana qarşı üçüncü qüvvələr – ölkələrlə birlikdə, yaxud onlarla eyni istiqamətdə addımların atılması qəbuledilməzdir”, – deyə Asif Nərimanlı əlavə edib.

Vural


media-adspc

Bənzər xəbərlər