media-b947ad86afa14c5fa893ef64c94c92ed17032026000304807-820x480

Azərbaycanın ən böyük vergi ödəyicilərinin siyahısı ölkədə İT sektorunun real vəziyyəti ilə bağlı ciddi suallar doğurur.

ERAmedia xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün sözlərinə görə, siyahıdakı mənzərə bu sahədə dəyər yaradan şirkətlərin yox dərəcəsində olduğunu göstərir.

O qeyd edib ki, siyahıda həqiqi İT məhsul və xidmətləri yaradan cəmi bir şirkət – BestComp yer alıb:

“Qalan ‘texnoloji’ şirkətlər isə əsasən mobil operatorlar və infrastruktur provayderləridir. Yəni real İT sektoru demək olar ki, görünmür”.

Osman Gündüz hesab edir ki, bu vəziyyətin əsas səbəblərindən biri son illərdə tətbiq olunan siyasətlə bağlıdır. O qeyd edib ki, iri İT şirkətlərin əksəriyyəti texnopark rezidenti statusu alaraq geniş vergi güzəştlərindən yararlanıb:

“Amma sual yaranır – bu şirkətlər hanı? Niyə onlar ən böyük vergi ödəyiciləri arasında yoxdur?”

Ekspertin fikrincə, texnopark rezidentliyi ilə bağlı qərarların verilməsi mexanizmi də mübahisəlidir. O bildirib ki, qanunvericiliyə əsasən bu proses kollegial şəkildə, Ekspert Şurası tərəfindən həyata keçirilməlidir:
“Digər dövlət qurumlarında bu cür qərarlar məhz belə qəbul olunur. Amma İRİA-da bu istiqamətdə indiyədək belə bir mexanizm formalaşdırılmayıb”.

Osman Gündüz əlavə edib ki, yüzlərlə şirkətə geniş vergi güzəştlərinin verilməsi, üstəlik bu qərarların bir nəfərin imzası ilə rəsmiləşdirilməsi legitimlik baxımından suallar doğurur. Onun sözlərinə görə, bu güzəştlərin nə dərəcədə effektiv istifadə olunduğu da açıq qalır:
“Güzəştlər nə üçün verilib, şirkətlər xarici bazarlara çıxırmı, startaplara və innovasiyalara yatırım edirlərmi – bunlar ciddi şəkildə qiymətləndirilməlidir”.

Ekspert BestComp şirkətini isə fərqli model kimi qeyd edib. Onun sözlərinə görə, şirkət dövlət sifarişlərindən yararlansa da, bununla kifayətlənməyərək əlavə dəyər yaratmağa çalışır, xarici bazarlara çıxır və ekosistemə dəstək verir.

Osman Gündüz vurğulayıb ki, ölkədə milyonlarla manatlıq dövlət sifarişləri və vergi güzəştlərinə baxmayaraq, real dəyər yaradan İT sektorunun formalaşmaması ciddi problemdir.

Sonda o bildirib ki, mövcud yanaşmaya yenidən baxılması vacibdir:
“İnanıram ki, bu siyasətə yenidən baxılacaq və sektor real dəyər yaradan istiqamətə yönləndiriləcək”.

Vüsalə


media-adspc

Bənzər xəbərlər